Tacikistan Azərbaycan şirkətlərini Tacikistan ərazisindəki neft və qaz yataqlarının geoloji kəşfiyyatına cəlb etməyi planlaşdırır.
“Report” Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon arasında keçirilən görüşdə müzakirə olunub.
“Görüş zamanı tərəflər Tacikistan və Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini, o cümlədən Tacikistanda neft və qaz ehtiyatlarının aşkar edilməsi prosesinə Azərbaycanın nüfuzlu şirkətlərinin cəlb edilməsini müzakirə ediblər”, - Tacikistan XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.
Eyni zamanda, həmsöhbətlər Azərbaycan şirkətlərinin enerji layihələrinin həyata keçirilməsinə, xüsusilə müasir su və günəş elektrik stansiyalarının tikintisinə investisiya qoyması, Tacikistanda neftin nəqli və emalı üsulları məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Tacikistanda ümumilikdə 28-ə yaxın neft yatağı var, təsdiq edilmiş neft ehtiyatları 2 milyon tondan artıqdır. Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2023-cü ildə Tacikistan 18 min tona yaxın neft hasil edib.
Bizim Telegram kanalımıza abunə olun