Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyi "Türküstan Beynəlxalq Hava Limanı" SC-nin fəaliyyətində pozuntular aşkar edib və hava limanı 14,3 milyon təngə (28,9 min dollar) cərimə edilib.
"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki bu barədə agentliyin məlumatınd deyilir.
"Müəyyən edilib ki, bazarda hakim mövqe tutan hava limanı sahibkarlıq subyektinin hava limanı ərazisində aviasiya yanacağının pərakəndə satışını həyata keçirməsi üçün rüsum alıb", - qurumdan bildirilib.
Qeyd olunur ki, bu, Qazaxıstanın hava limanlarında bir ay ərzində aşkar edilən yeganə pozuntu deyil. Fevralın 19-da Rəqabətin Qorunması və İnkişafı Agentliyinin Abay vilayəti üzrə departamenti "Semey Beynəlxalq Hava Limanı" MMC-yə qarşı istintaqın başa çatdığını bildirib. Müəssisə hakim mövqeyindən sui-istifadə edərək aviasiya yanacağının pərakəndə satışı üçün yüksək qiymət təyin edib.
"Semey şəhərinin İnzibati Hüquqpozmalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin qərarı ilə MMC-yə 8,8 milyon təngə (17,7 min dollar) məbləğində inzibati cərimə tətbiq edilib. Hazırda məhkəmə qərarı qanuni qüvvəyə minib", - agentlikdən bildirilib.