Mütəxəssislər məşhur brendlərə məxsus qulaqcıqlarla bağlı ciddi xəbərdarlıq ediblər. Avropanın ToxFree LIFE for All layihəsi çərçivəsində aparılan araşdırma zamanı 81 populyar model test edilib və onların tərkibində sağlamlıq üçün təhlükəli kimyəvi maddələr aşkarlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat çərçivəsində Bose, Panasonic, Samsung və Sennheiser markalarına aid məhsullar analiz olunub.
Alimlərin bildirdiyinə görə, yoxlanılan bütün nümunələrdə potensial risk daşıyan maddələr mövcud olub.
Araşdırma nəticələrinə əsasən, bəzi qulaqcıqlarda bisfenol A (BPA) və bisfenol S (BPS) kimi maddələr müəyyən edilib. Bu kimyəvi birləşmələr hormonal sistemi poza, estrogen hormonunu təqlid edə və uzunmüddətli təsir zamanı xərçəng, erkən cinsi yetişkənlik və digər sağlamlıq problemləri ilə əlaqələndirilə bilər.
Bundan əlavə, bəzi modellərdə reproduktiv sistemə mənfi təsir göstərə bilən ftalatlar, eləcə də qaraciyər və böyrəklərə zərər verə biləcək xlorlu parafinlər aşkarlanıb. Alimlər qeyd edirlər ki, isti hava şəraitində və fiziki aktivlik zamanı bu maddələrin plastikdən ayrılaraq dəri vasitəsilə orqanizmə keçmə ehtimalı artır.
Ekspertlər xüsusilə uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan modellərə diqqətlə yanaşmağı tövsiyə edirlər. Valideynlərə məhsul seçərkən təhlükəsizlik standartları və material tərkibi barədə məlumatları yoxlamaq məsləhət görülür.
Mütəxəssislər qulaqcıqlardan istifadənin tam dayandırılmasını deyil, daha təhlükəsiz materiallardan hazırlanmış modellərə üstünlük verilməsini və uzunmüddətli fasiləsiz istifadədən çəkinməyi tövsiyə edirlər.
texno qulaqlıq airdops