Smartfonunuzda saxlanılan bəzi məlumatlar dələduzların asanlıqla pulunuzu oğurlamasına və adınıza kredit rəsmiləşdirməsinə şərait yarada bilər. Məhz buna görə də başqasının telefonu dələduzlar üçün əsl tapıntı sayıla bilər, hətta unudulmuş bir neçə mesaj və ya skrinşot belə cinayətkarlara bank hesablarına və şəxsi məlumatlara çıxış imkanı verə bilər.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Silinməli olan mesajlar
Xüsusi təhlükə yaradan SMS-lər şəxsi məlumatların yer aldığı mesajlardır. Buraya ad, soyad, pasport məlumatları, VÖEN və ev ünvanı kimi informasiyalar daxildir. Bu cür məlumatlar tez-tez kreditlərin rəsmiləşdirilməsi və ya hesabların sındırılması zamanı istifadə olunur.
Maliyyə ilə bağlı mesajlar da ayrıca risk daşıyır. Bank kartı nömrələrinin, PIN və CVC kodlarının telefonda saxlanması faktiki olaraq vəsaitlərə açıq giriş deməkdir. Hətta bir dəfəlik bank təsdiq kodları belə, yanlış əllərə keçərsə, telefon sahibinin əleyhinə işləyə bilər.
Bundan əlavə, gizli sualların cavablarının yer aldığı SMS-lər də təhlükəlidir. Bu məlumatlar çox vaxt onlayn bankçılıq və digər servislərə girişin bərpasında istifadə olunur.
Silinməsi tövsiyə olunan fotolar
Risk təkcə mesajlarla məhdudlaşmır. Şəxsi sənədlərin nömrələri və fərdi məlumatları aydın görünən fotoların saxlanılması da təhlükə yaradır. Bu cür şəkillər saxta hesabların yaradılmasında istifadə oluna və ya “darknet”də satıla bilər.
Həmçinin banklarla yazışmaların skrinşotları, təsdiq kodları, elektron biletlər, çeklər, qəbzlər və şəxsi məlumatlar olan “yaddaş üçün” qeydlər də risk altındadır. Messencerlərdə saxlanılan mesajlar və “Qeydlər” tətbiqindəki yazılar mütəmadi olaraq yoxlanılmalıdır.
Çox vaxt unudulan vacib məqamlar
Telefonun təmizlənməsi yalnız “Sil” düyməsini sıxmaqla bitmir. Fayllar həftələrlə səbətdə qala, nüsxələr isə avtomatik olaraq Google Drive və ya iCloud kimi bulud xidmətlərində saxlanıla bilər. Buna görə də “ümumi təmizlik”dən sonra ehtiyat nüsxələri də yoxlamaq və lazımsız məlumatları oradan silmək vacibdir.
Smartfonun mütəmadi yoxlanılması ciddi maliyyə və nüfuz problemlərinin qarşısını ala biləcək sadə, lakin effektiv addımdır. Bəzən təhlükəsizlik sadəcə köhnə mesaj və skrinşotların silinməsindən başlayır.
telefon