IMG-LOGO

Alimlər ağılları oxuyan texnologiyada bir irəliləyiş əldə etdilər

17 Feb 2026 11:19 6 baxış
IMG
0 0

Neyrotexnologiya sahəsində yeni inkişaf göstərir ki, düşüncələrin oxunması artıq elmi fantastika deyil, real texnoloji istiqamətə çevrilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, insan beynini xarici qurğularla əlaqələndirə bilən sistemlər arasında ən diqqətçəkən yenilik semantik dekoder adlanan texnologiyadır.

Bu sistem beynin elektrik aktivliyini mətn axınına çevirə bilir. Qurğu funksional MRT vasitəsilə toplanan siqnalları analiz edir və onları insanın düşündüyü fikirlərə uyğun ifadələrə çevirir. Əvvəllər belə sistemlərin öyrədilməsi üçün təxminən bir gün tələb olunurdusa, 2025-ci ildə alimlər cəmi bir saatlıq təlimlə işləyə bilən versiya hazırlayıblar.

Ekspertlərin proqnozuna görə, 2026-cı ildə neyrotexnologiyalar sahəsinə yatırımlar 4 milyard dolları keçə bilər. Gələcəkdə isə portativ qurğuların hazırlanması mümkündür ki, onlar beyin aktivliyini oxuyub şərh edə biləcək.

Texnologiyanın tətbiq perspektivləri genişdir. Parkinson xəstəliyindən, afaziyadan və ya insultdan əziyyət çəkən şəxslər söz istifadə etmədən ünsiyyət qura bilərlər. Həmçinin posttravmatik stress pozuntusu (PTSP) olan pasiyentlər yaşadıqları travmaları daha asan ifadə etmək imkanı əldə edə bilərlər.

Lakin mütəxəssislər ciddi risklərə də diqqət çəkirlər. Şəxsin xəbəri olmadan onun düşüncələrinə müdaxilə edilməsi və ya məlumatların gizli şəkildə əldə olunması etik və hüquqi problemlər yarada bilər. 2025-ci ildə UNESCO neyrotexnologiyaların tənzimlənməsi üzrə ilk qlobal konsepsiyanı təqdim edib və psixi toxunulmazlıq anlayışının qorunmasının vacibliyini vurğulayıb.

Fizik və teoloq Ian Barbour qeyd edib ki, hər texnoloji sıçrayış eyni zamanda həm azadlıq, həm təhlükə, həm də hakimiyyət aləti ola bilər.

Araşdırmalar həmçinin göstərir ki, beyinlə bağlı yeniliklər təkcə texnoloji sahə ilə məhdudlaşmır. ABŞ alimlərinin son tədqiqatına əsasən, bağırsaq mikrobiomu beyin fəaliyyətinə təsir göstərərək düşüncə, öyrənmə və hətta psixoloji pozuntular riski ilə əlaqəli ola bilər.

Beləliklə, neyrotexnologiyalar insan həyatını dəyişdirə biləcək potensiala malik olsa da, onların etik çərçivədə və ciddi nəzarət altında inkişaf etdirilməsi vacib hesab olunur.

ağıl oxumaq texnologiya

Xəbər lenti