IMG-LOGO

Rusiya XİN-in Azərbaycan səfirliyi ilə bağlı həyadan uzaq açıqlaması – Moskvanın inanılmayan "göz yaşları" - ŞƏRH

16 Feb 2026 16:36 3 baxış
IMG

Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik missiyasının binasına, habelə bu ölkədəki enerji infrastrukturuna Rusiyanın hücumundan bəhs edib. O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib:

"Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik. Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub. Birinci hücuma gəldikdə, elə bilirdik bu təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə, iki hücum olub. Bu, bilərəkdən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur".

Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib.

Dövlət başçısı bu məsələni həm də Münxen Təhlükəsizlik Konfransının mahiyyətinə uyğun olaraq diqqətə çatdırıb. Çünki RF bu gün dünyanın təhlükəsizliyini təhdid edənlər sırasında birinci yerdədir.

Azərbaycan Prezidentinin bu bəyanatı dünyanın bir çox aparıcı mətbuat orqanlarının diqqətini çəkib.

Yeri gəlmişkən, Rusiya 2025-ci il iyulun 25-də Azərbaycanın Kiyevdəki səfirliyinin binasına raket zərbəsi endirib. Bunun ardınca bir ay sonra - həmin il avqustun 28-də Moskvanın Kiyevə raket zərbələrindən əmələ gəlmiş partlayışın dalğası nəticəsində diplomatik missiyanın binası zədələnib. Səfirliyin konsulluq xidmətinin bölməsinin dam örtüyü dağılıb. Üçüncü zərbə isə noyabrın 14-də endirilib. Onda raket qırıntıları səfirliyin binasının şüşələrini sındırıb.

Azərbaycanın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi Georgiyevski döngəsi 3 ünvanında, "Zolotıye vorota" və "Sofiyskaya ploşad" metrostansiyalarının yaxınlığında yerləşir. Paytaxtın bu ərazisində, Şevçenko rayonunda başqa dövlətlərin də diplomatik nümayəndəlikləri yerləşir. Şevçenko rayonu çoxlu səfirlik və konsulluqların cəmləşməsi ilə məşhurdur.

Azərbaycan Kiyevdəki diplomatik missiya binasının yerləşdiyi ərazilərin koordinatlarını Moskvaya təqdim etdiyindən, habelə ərazi səfirlik və konsulluqların sıx yerləşməsi ilə tanındığından Rusiyanın həmin əraziyə, xüsusən Azərbaycan səfirliyi və konsulluğuna raket zərbəsi endirməsi yanlışlıq və ya təsadüf sayıla bilməz. Üç dəfə eyni koordinata raket hücumunu təsadüf sayanların məntiq problemi var.

Diplomatik missiyaların yerləşdiyi əraziləri raket atəşinə tutmaqla Rusiya həm də o dövlətlərin sərhədlərini pozub. Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, səfirlik binasına və onun əməkdaşlarına hücum ağır beynəlxalq cinayətdir. Həmin sənədə görə, səfirlik binaları toxunulmazdır. Qəbul edən dövlət isə onları qorumağa və personalın təhlükəsizliyini təmin etməyə borcludur. Bu cür hərəkətlər beynəlxalq normaları pozur və cinayət məsuliyyətinə səbəb olur. Səfirliklər immunitetə, toxunulmazlığa malikdir. Bu istiqamətdə cinayət törədən dövlət qarşı tərəfin əmlakına vurduğu zərərin və ya əməkdaşlara dəyən ziyanın qarşılığını ödəməlidir.

Deməli, Rusiyanın hər üç halda Azərbaycana vurduğu maddi ziyanın qarşılığını verməsi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının tələbidir.

Törətdikləri qanunazidd davranışa, dostluğa, mehriban qonşuluğa, strateji tərəfdaşlığa qarşı çıxdıqlarına görə rəsmi Bakıdan üzr istəmək, ziyanın qarşılığını ödəyəcəklərini bildirməkdənsə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) həmkarlarına qarşı bu hücumu müdafiə edib. Belə ki, Moskva Prezident İlham Əliyevin açıqlamasını, Azərbaycanın Kiyevdəki səfirliyinə məqsədyönlü zərbələr barədə bəyanatında irəli sürdüyü ittihamları rədd etməyə çalışıb. Rusiya XİN bildirib ki, Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevin sözlərini "təəccüblə" qarşılayıblar. Nazirlikdən verilən açıqlamada zərərlərə görə təəssüf ifadə olunub və iddia edilib ki, bu vəziyyət guya Ukraynanın hava hücumundan müdafiə üçün istifadə etdiyi "Patriot" Zenit Raket Kompleksinin raketinin düşməsi nəticəsində yarana bilər.

Bu kompleks Qərb ölkələri tərəfindən Ukraynaya Rusiyanın hava hücumundan müdafiə olunması məqsədilə verilib. Odur ki, həmin sistemdən raketin üç dəfə Azərbaycanın diplomatik missiyasına düşməsi iddiası gülünc və Kremlin sovetdənqalma "qırmızı yalanı"dır. Bu açıqlama sübut edir ki, 35 ildir, beynəlxalq aləmdə baş vermiş dəyişikliklərdən Moskva hələ də dərs almayıb. O, qarayaxmanı, yalanı diplomatiya sayır.

Rusiyanın Ukraynada Azərbaycana qarşı gizli savaşı diplomatik missiyanın binasına hücumla başa çatmır. O, Azərbaycanın Ukraynadakı neft bazasına da zərbə endirib. Məlumatlara görə, Rusiya 2025-ci il avqustun 8 və 18-də Ukraynanın Odessa vilayətindəki Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bazasına hücum edib. Yayılan xəbərlərə görə, sonuncu hücum nəticəsində 16 min kubmetrdən çox yanacaq tutumu olan neftbazanın bütün 17 rezervuarı, nasos stansiyası, operator və texniki otaqları məhv edilmiş, dörd əməkdaşı yaralanmışdı.

SOCAR-ın bazasına hücumu Ukraynanın energetika naziri Svetlana Qrinçuk və Prezident Volodimir Zelenski təsdiqləmişdi. Ukraynanın Fövqəladə Hallar Xidməti Odessa vilayətində yanacaq-energetika infrastruktur obyektinə zərbə nəticəsində genişmiqyaslı yanğın baş verdiyini bildirmişdi. Yanğınsöndürmə işlərinə 100-dən çox xilasedici, könüllü, Milli Qvardiyanın döyüşçüləri və yerli yanğınsöndürən komandalar, həmçinin yanğınsöndürən robot və qatar cəlb edilmişdi.

Bunlar yanğının miqyasını, dəyən ziyanın böyükhəcmliliyini təsdiqləyir.

Prezident İlham Əliyev neft bazasına zərbələrdən sonra Rusiyanı Azərbaycan obyektlərinə "məqsədyönlü zərbələr" endirməkdə ittiham etmişdi.

Qeyd edək ki, ümumilikdə, SOCAR-ın Kiyev, Xarkov, Odessa, Lvov daxil olmaqla bütün Ukrayna ərazisində təxminən 60 yanacaqdoldurma məntəqəsi, həmçinin bir neçə neft bazası var.

Rusiya Azərbaycana qarşı törətdiyi cinayəti ilk dəfə deyil ört-basdır edir. Azərbaycan torpaqlarının işğalını, eləcə də, o ərazilərdə törədilən cinayətləri, o cümlədən Xocalı soyqırımında iştirakını təkzib etməyə hələ də çalışır. Rəsmi Moskva Qarabağın işğal faktının uzanmasına köməklik göstərirdi. Hətta həmsədr dövlətlərdən biri kimi ermənilərin, işğalın tərəfdarı kimi çıxış edirdi. Elə Rusiyanın apardığı bu siyasət səbəbindən Ermənistan cəmiyyətində elə təsəvvür yaranmışdı ki, Azərbaycan, Gürcüstan və Türkiyənin bir hissəsi onlarındır.

Hadisələr Rusiyanın erməni cəmiyyətindən Qafqazda, xüsusən Cənubi Qafqazda Azərbaycana qarşı alət olaraq istifadə etdiyini təsdiqlədi.

Rusiyanın mülki təyyarələrə təsadüfi olan hücumlara görə belə üzr istəməmək kimi bir şakəri də var. 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" sərnişin təyyarəsinə hücum da buna nümunədir. İlkin istintaq nəticələrinə əsasən, təyyarə Rusiya "Pantsir-S1" ilə vurulub. Bunun nəticəsində baş verən qəza nəticəsində təyyarənin göyərtəsindəki 62 nəfərdən 38-i ölmüşdü.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana vurduqları ziyanın qarşılığını, kompensasiya verəcəklərini boyun olsa da, indiyədək bu istiqamətdə bir addım belə atılmayıb.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. Həmin sənəddə tərəflər bir-birinin təhlükəsizliyini təhdid edəcək hərəkətlər, əməllər etməyəcəklərini bildiriblər. Lakin Rusiya qanunları tapdamaq ənənəsinə bu istiqamətdə də "sadiqliyini" nümayiş etdirir.

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. Rəsmi Bakı Rusiyanın bu ölkəyə qarşı hərbi əməliyyatlarını təcavüz kimi tanıyır.

Moskva bu addımı ilə beynəlxalq münasibətləri və normaları nüfuzdan salır, onu heçə sayır. Görünür, Rusiya hələ də bəzi gerçəkləri anlamaqda çətinlik çəkir. Ukrayna bataqlığını isə uğur sayanlar eyforiyadan ayıla bilməyənlərdir. Rusiya hələ də keçmiş müttəfiqləri özünə cəlb etməyə çalışır. Ancaq Moskvanın raket zərbəsi ilə böyük güc, böyük qardaş olması, "qızıl ordunun işğalı" qatarı çoxdan gedib. 35 ildir RF yenilənə, sovet sistemindən, ideologiyasından xilas ola bilmir. Zaman onun xeyrinə işləmir. Moskva beynəlxalq aləmdə təklənir. Bu, reallıqdır...

Xəbər lenti