IMG-LOGO

Məktəbə hicabla getmək olar? - "Uşaqlar uşaqlığını yaşasın"

16 Feb 2026 16:54 3 baxış
IMG
8 1

Uzun müddətdir ki, vahid məktəbli formaları təsis edilib. Adından da bəlli olduğu kimi bu geyimlər şagirdlər arasındakı maddi bərabərsizliyi aradan qaldırıb, hər kəsin təhsil ocağında eyni səviyyədə, eyni geyimdə olduğunu da bir növ nümayiş etdirir. Buna baxmayaraq bəzi valideynlər hələ ibtidai siniflərdən uşaqlarını dini qaydalara uyğun geyindirir, hicab taxdıraraq, məktəbə yollayır, hətta oğlan sinif yoldaşınla eyni partada oturmalarına belə, əngəl olmağa çalışırlar.

Bəs görəsən, bu nə qədər doğrudur? Ümumiyyətlə kiçik yaşdan hicab taxmağın dini tərəfdən hansısa məcburiyyəti var?

İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirib ki, uşağa uşaqlığını yaşamağa icazə vermək lazımdır:

“Uşaqların uşaqlığını yaşaması daha doğrudur. Bəzi valideynlər hansısa formada öz düşüncə və fikirlərini aşılmaqla onları öz istədikləri yöndə istiqamətləndirirlər. Mən həmişə uşaqları sərbəst buraxmağın tərəfdarı olmuşam. Bu zaman onlar həm daha azad fikirli olurlar, həm də öz istəklərini rahat şəkildə ifadə edirlər.

İbtidai siniflərdə oxuyan uşaqlara hicab, niqab kimi örtülərin taxılmasının tərəfdarı deyiləm. Çünki dini baxımdan yanaşanda belə, o yaşda hicab vacib hesab edilmir.

Bu gün bəzi valideynlər 1-2 səbəbdən ötrü uşaqlara hicab taxırlar: Uşaqları dindar yetişdirməyə çalışmaq üçün cəhd edirlər, bəziləri isə ətraflarındakı insanlara özlərinin dindarlığını göstərmək üçün bunu edirlər. Uşaqlar da anlamadan hicab taxdıqları üçün müəyyən bir zamandan sonra öz əhatələrində özgələşdirildiklərini, uzaqlaşdırıldıqlarını gördükləri zaman daxillərində travma yaranır, psixoloji gərginlik yaranır.

İbtidai sinifdən fərqli olaraq, 10-11-ci sinifdə şagird öz azad düşüncəsi ilə hicaba keçirsə, ona hörmətlə yanaşmaq lazımdır. Örtənə də, örtməyənə də sayğı duymaq lazımdır. Məktəbdə əsas bu məsələlər yox, elm, təhsil, tərbiyə müzakirə edilməlidir. Məktəbləri bununla önə çıxarmalıyıq.

Bəzi məsələlərdə bəh-bəhlə nümunə çəkdiyimiz Avropa ölkələri, yaxud Yaponiya, ABŞ-da, Belçikada hicab məsələsi ilə bağlı hansısa bir qadağa yoxdur. Əksinə, Belçikada İslam rəsmi dövlət dinidir, eyni zamanda məktəblərdə, təhsil müəssisələrində İslam dini fakültətiv olaraq tədris olunur. Amma müəllimin, nə də şagirdin baş örtüsünün olub-olmaması önəmli deyil”.

Bəs qanun bu barədə nə deyir?

Hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, Nazirlər Kabineti məktəblinin vahid geyim forması ilə bağlı qərar veribsə, hər hansı şəxsin, istənilən dini qrupun üzvünün özünün seçdiyi, sevdiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir:

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Bu formaların siyahısında dini geyimlər mövcud deyil. Ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası tərəfindən müvafiq qərar qəbul edilərək, yalnız bu 4 geyim formasından biri seçilə bilər”.

Hüquqşünas deyib ki, valideynlərin övladlarını hər hansı dini ayini icra etməsini, dini mərasimlərə cəlb etməsi, dini geyim qaydasının tətbiqi bağlı dominantlıq etməsi yolverilməzdir: “Bu, “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununda, həmçinin Azərbaycan Respublikasının ratifikasiya etdiyi “Uşaqların Hüquqlarının Müdafiəsi” haqqında konvensiyada öz əksini tapıb”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasına və BMT-nin konvensiyasına görə, 18 yaşdan aşağı şəxslər uşaq sayılır:

“Uşaqlara da valideynlərin qayğı göstərmə borcu var. Onların dini seçiminə təzyiq etmək, zorakılıq etmək, hər hansı dini geyimləri geyinməyə təşviq etmək qadağandır. Məsələn, yəhudilərin, xristianların, müsəlmanların öz dini geyim formaları var. Ancaq bu, dünyəvi ölkələr üçün xarakterik deyil. Dünyəvi ölkələrdə geyim qaydası dövlət tərəfindən müəyyən olunur. Bu qayda təhsil müəssisələrində də tətbiq olunmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır: “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.   

“Uşaq hüquqları haqqında Qanuna görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər: “Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir”.

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında vurğulayıb ki, ölkənin ümumi təhsil siyasəti vahid məktəbli geyim formasına üstünlük verilməsini tələb edirsə, hər kəs də buna hörmətlə yanaşmalıdır:

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Elm və Təhsil Nazirliyi təhsil müəssisələrində vahid geyim formasını tətbiq edib. Əlbəttə, hər bir şagird də bu formadan kənara çıxmamalıdır. Bununla yanaşı, Azərbaycan tolerant ölkə olduğu üçün burada müxtəlif dinlərin və dini cərəyanların nümayəndələri yaşayır. Məhz bu səbəbdən də təhsil müəssisələrində hər hansısa məhdudiyyət tətbiq edilməyib. Azərbaycan Respublikasının Konstitusiyası da hər kəsə dini etiqat azadlığı verir. Amma çox təəssüf ki, biz bəzən seçim sərbəstliyinə hörmətlə yanaşmırıq. Bəzi hallarda valideynlər azyaşlıları öz istədikləri dinə cəlb edirlər. İmkan verməliyik ki, şəxs özü qərarını verib, istədiyi dinə sitayiş etsin.

Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə komissiyası uşaqların hansısa dinə cəlb edilməsi məsələsini müzakirə edir. Uşaq hüquqları üzrə konvensiyada da bu məsələlər öz əskini tapacaq. Beləcə, kiminsə erkən yaşda uşağı istədiyi sahəyə yönəltməsinin qarşısı alınacaq.

Təhsil müəssisələrində vahid geyim forması varsa, hər bir şagird də buna maksimum hörmət etməlidir. Oğlan şagirdlər saqqalla, dağınıq saçla məktəbə getməməli, daim səliqəli olmalıdır. Qız şagirdlərə gəlincə, oların hicab, yaxud hansısa dini özündə ehtiva edən geyim geyinmələrinə qadağa qoyulmayıb. Lakin valideynlər övladlarının geyimi məsələsində diqqətli olmalıdırlar. Ölkənin ümumi təhsil siyasəti vahid məktəbli geyim formasına üstünlük verilməsini tələb edirsə, hər kəs də buna hörmətlə yanaşmalıdır”.

Hicab Elm və təhsil hüquqşünas təhsil eksperti məktəblərdə hicab

Xəbər lenti