Naxçıvan Dövlət Universiteti ilə Memar Sinan Gözəl Sənətlər Universiteti arasında "Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması" ixtisası üzrə ikili diplom magistr proqramının həyata keçirilməsi barədə razılıq əldə olunub.
"Report"un məlumatına görə, bununla bağlı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum NDU-nun rektoru Elbrus İsayev və Memar Sinan Gözəl Sənətlər Universitetinin rektoru Ahmet Sacit Açıkgözoğlu tərəfindən imzalanıb. Sənədə əsasən, tərəflər memarlıq və incəsənət sahələrində genişmiqyaslı əməkdaşlıq edəcək, birgə layihələr və akademik təşəbbüslər həyata keçirəcəklər.
Bu əməkdaşlıq ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Memar Əcəminin 900 illik yubileyinin qeyd olunduğu bir dövrdə belə bir təşəbbüsün reallaşması rəmzi və tarixi məna kəsb edir.
1882-ci ildə "Sanayi-i Nefise Mektebi" adı ilə əsası qoyulan Memar Sinan Gözəl Sənətlər Universiteti Türkiyənin ilk incəsənət ali məktəbi kimi tanınır. Universitet memarlıq, təsviri incəsənət, dizayn və şəhərsalma sahələrində dərin elmi ənənəyə, güclü professor-müəllim heyətinə və beynəlxalq akademik əlaqələrə malikdir.
Tarixi kampusu, zəngin akademik məktəbi və yaradıcılıq mühiti ilə seçilən ali təhsil ocağı Türkiyədə memarlıq təhsilinin formalaşmasında mühüm rol oynayıb və bu gün də regionun ən nüfuzlu incəsənət universitetlərindən biri hesab olunur.
Naxçıvan Dövlət Universitetində də memarlıq və incəsənət istiqamətləri son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Universitetdə memarlıq, dizayn və təsviri incəsənət sahələrində müasir tədris infrastrukturu yaradılıb, studiya və emalatxanalar yenilənib, tələbələrin yaradıcılıq potensialının inkişafı üçün geniş imkanlar formalaşdırılıb.
NDU tələbələri respublika və beynəlxalq səviyyəli müsabiqə və sərgilərdə uğurla çıxış edir, universitet isə mədəni irsin qorunması, şəhər mühitinin planlaşdırılması və regional inkişaf layihələrində fəal iştirak edir. Ali məktəb həmçinin fənlərarası tədqiqatlara və innovativ yanaşmalara üstünlük verir.
Əməkdaşlığın əsas təşəbbüslərindən biri "Memar Əcəmi – Mimar Sinan Memarlıq Parkı" layihəsidir. Layihə Azərbaycan və Türkiyə memarlıq məktəblərinin iki görkəmli nümayəndəsi – Memar Əcəmi və Memar Sinanın irsini vahid konseptual məkanda birləşdirməyi hədəfləyir. Bu təşəbbüs ortaq tarixi-mədəni dəyərlərin memarlıq müstəvisində ifadəsinə xidmət edəcək.
Protokola əsasən, Memar Sinan Gözəl Sənətlər Universitetinin professorları NDU-ya dəvət olunacaq, memarlıq, təsviri incəsənət, şəhərsalma və fənlərarası tədqiqat istiqamətləri üzrə birgə simpoziumlar, konfranslar, sərgilər, qısamüddətli kurslar və seminarlar təşkil ediləcək.
İmzalanma mərasimində tələbə və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi vurğulanıb. Bununla yanaşı, mədəni irsin qorunması, memarlıq abidələrinin mühafizəsi, ətraf mühitin idarə olunması və dizayn sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi də razılaşmada öz əksini tapıb.
Bu əməkdaşlıq iki qardaş ölkənin ali təhsil məkanında memarlıq və incəsənət sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.







