IMG-LOGO

Behnam Qurbanzadə: "Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilə bilər"

16 Feb 2026 13:33 5 baxış
IMG

Azərbaycan fintex hazırlığını sükuk-təminatlı kapital bazarı infrastrukturu ilə birləşdirərək Şəriətə uyğun maliyyə üzrə MDB məkanında etibarlı regional mərkəzə çevrilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Khalif AI" şirkətinin baş İslam maliyyəsi direktoru və "PayZakat" platformasının baş icraçı direktoru Behnam Qurbanzadə "Islamic Finance News" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq "konseptual maraq" mərhələsindən "bazarın hazırlanması" mərhələsinə keçir.

B. Qurbanzadə yaxın perspektivdə İslam maliyyəsi üçün ən real giriş nöqtələrini açıqlayıb: " Bunlardan birincisi orientirlərin (bençmarkların) formalaşdırılması və investorlar arasında alətlərin tanınmasını artırmaq məqsədilə suveren və ya kvazi-suveren sukuk (və ya sukuka analoji strukturlar) emissiyasıdır. İkincisi - aktivlərlə təmin olunmuş strukturların sukuk prinsiplərinə uyğun gəldiyi layihə və infrastruktur maliyyələşdirilməsidir. Üçüncüsü isə təkafül (İslam sığortası) üzrə pilot layihələr və etik investisiya məhsullarıdır (bank sisteminin tam transformasiyası ilə müqayisədə tətbiqi daha sadədir)".

O hesab edir ki, əsas məhdudiyyət tələb deyil, bazar infrastrukturudur: "Prioritet istiqamətlərə Şəriət idarəetmə çərçivələrinin yaradılması, vergi neytrallığının təmin edilməsi, mühasibat və audit standartlarının uyğunlaşdırılması, hüquqi mübahisələrin həlli mexanizmlərinin formalaşdırılması və ixtisaslı kadr bazasının inkişafı daxildir".

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda sabit artımı qeydə alır: "2024-cü ildə bank sektorunun aktivləri 8 % artaraq 53 milyard manata (31,18 milyard ABŞ dolları) çatıb, aktivlərin ÜDM-yə nisbəti isə 42 % təşkil edib. Bu göstəricilər maliyyə vasitəçiliyinin dərinləşdiyini göstərir. Sektorun gəlirliliyi də yüksək olaraq qalır – 2024-cü ildə xalis mənfəət 1 milyard manatı (588,28 milyon ABŞ dolları) keçib, kapital adekvatlığı isə 17,6 % səviyyəsində olub".

B.Qurbanzadə vurğulayıb ki, makro-maliyyə sabitliyi İslam iqtisadiyyatının inkişafı üçün mühüm zəmin yaradır. Bu, sükuk kimi yeni alətlərin tətbiqi, süni intellekt əsaslı fintex platformalarının inkişafı və Şəriətə uyğun məhsulların rəqəmsal paylanmasının genişləndirilməsi üçün institusional etimadı gücləndirir.

Onun fikrincə, Azərbaycanda halal iqtisadiyyat yalnız maliyyə sektorunu əhatə etmir: "Əsas hərəkətverici sahələrə halal qida istehsalı və ixracı, sertifikatlaşdırma və ticarət standartları, turizm və qonaqpərvərlik, kosmetika və əczaçılıq, eləcə də həyat tərzi xidmətləri daxildir. Maliyyə sektoru bu sahələrdə dəyər zəncirini təmin edən mexanizm rolunu oynayır. Lakin dövlət və biznes dairələrində ölkənin qlobal halal bazarında mövqeləndirilməsi istiqamətində maraq artır".

B.Qurbanzadə qeyd edib ki, Azərbaycanda İslam maliyyəsi institusional baxımdan hələ erkən mərhələdədir: "Fitch Ratings"in regional qiymətləndirməsində ölkədə İslam banklarının və ya İslam "pəncərələri"nin olmadığı vurğulanıb ki, bu da sektorun hələ istifadə olunmamış potensialını göstərir. Bununla belə, siyasət istiqaməti, xüsusilə sükuk alətləri üzrə, getdikcə konkretləşir".

2025-ci ildə İslam İnkişaf Bankı Azərbaycanda sükuk emissiyası və İslam maliyyəsi infrastrukturu üçün imkanverici mühitin yaradılmasına yönəlmiş tender və satınalma sənədlərini açıqlayıb. Paralel olaraq, tərəflər 2024-2026-cı illəri əhatə edən Ölkə Əməkdaşlıq Çərçivəsi üzrə anlaşma memorandumu imzalayıblar.

İcraçı direktor əlavə edib ki, ölkədə rəqəmsal maliyyə göstəriciləri güclüdür: 16,9 milyon ödəniş kartı dövriyyədədir və onların 77 %-i kontaktsızdır; köçürmələrin 85,9 %-i say üzrə, 79,6 %-i dəyər üzrə rəqəmsal kanallarla həyata keçirilir. Bununla yanaşı, onun sözlərinə görə, "açıq bankçılıq" mərhələli şəkildə tətbiq olunur.

"Ekosistem quruculuğu Azərbaycan Fintek Assosiasiyası və digər sektor platformaları vasitəsilə sürətlənir ki, bu da tənzimləyici baza formalaşdıqdan sonra İslam maliyyəsi məhsullarının sürətli yayılması üçün hazır paylama infrastrukturu yaradır".

B.Qurbanzadənin qənaətinə görə, Azərbaycanın İslam maliyyəsi bazarı hələ formalaşma mərhələsindədir, lakin mühüm üstünlüyə malikdir – yüksək rəqəmsal mənimsəmə səviyyəsi və aktiv islahat gündəliyi ("açıq bankçılıq", ödənişlərin modernizasiyası) ilə.

"Bu hazırlıq sükuk-təminatlı kapital bazarı infrastrukturu ilə birləşdirilərsə, Azərbaycan Şəriətə uyğun maliyyə üzrə etibarlı regional mərkəzə və Xəzər/MDB məkanını Körfəz kapitalı ilə birləşdirən daha geniş İslam iqtisadiyyatı platformasına çevrilə bilər", - B.Qurbanzadə deyib.

Xatırladaq ki, AMB ölkədə İslam bankçılığı məhsullarının tətbiqi üçün "İslam pəncərəsi" modelinin tətbiqi üzrə Yol Xəritəsi hazırlayıb. İslam bankçılığı alternativ maliyyələşdirmə mexanizmi kimi nəzərdən keçirilir və AMB-nin strateji hədəflərinə daxil edilib.

Artıq beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün ən uyğun yanaşma müəyyənləşdirilib. Birinci mərhələdə müstəqil ekspertlər "İslam pəncərəsi" çərçivəsində tətbiq olunacaq məhsulların siyahısını formalaşdıracaqlar. Daha sonra maliyyə assosiasiyaları və beynəlxalq ekspertlərlə məsləhətləşmələr əsasında hazırlanmış baza alətləri mərhələli şəkildə tətbiq ediləcək.

Fatimə Bağırova

Xəbər lenti