Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarları ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan Kapital Bazarları Assosiasiyası", "Bakı Fond Birjası", Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüş çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında müşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışdıq. Görüşdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin kapital bazarlarının inkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.


