Qarabağda risklər əvvəlcədən müəyyənləşdirilməli və buna uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Bakıda keçirilən "Post-konflikt ərazilərin bərpasına doğru inamlı addımlar" mövzusunda seminarda bildirib.
"Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" hər bir qurum və sektor üçün, o cümlədən sığorta sektoru üçün milli yol xəritəsidir. Bugünkü seminarımız da o yol xəritəsinə əsaslanan sektorial töhvədir. Ümid edirəm və inanıram ki, bu seminarla faydalı ola biləcəyik. Çünki güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir", - deyə o qeyd edib.
ASA rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanın sığorta bazarı dayanıqlı əsaslarla inkişaf edir: "2023-cü ildə sektor üzrə yığım 1 milyard manatı keçdi, sığorta bazarının ümumi daxili məhsuldakı (ÜDM) payı 1 %-ə çatdı. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə sığorta xidmətləri nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının məqsədyönlü fəaliyyəti, habelə bazar iştirakçılarının yüksək peşəkarlığı ilə dayanıqlı təməllər üzərində inkişaf edir".
Bizim Telegram kanalımıza abunə olun