IMG-LOGO

Avstraliya ABŞ-də keçirilən təlimlərə hərbi təyyarələr və yüzlərlə pilot göndərib

02 Feb 2026 07:47 2 baxış
IMG

Avstraliya "Red Flag Nellis" və "Bamboo Eagle 26-1" təlimlərində iştirak etmək üçün ABŞ-yə 6 hərbi təyyarə və 220-dən çox pilot göndərib.

"Report" xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

"Avstraliya Hərbi Hava Qüvvələri altı ədəd "F-35A Lightning II" və "E-7A Wedgetail" təyyarəsini, həmçinin 227 pilotu Nevada ştatındakı "Nellis" aviabazasına hava döyüşlərinə hazırlıq təlimlərində iştirak etmək üçün köçürüb. Təlimlərdə ABŞ və Böyük Britaniyanın hərbi pilotları da iştirak edəcək", - deyə məlumatda bildirilib.

Təkcə təyyarə heyətlərini deyil, həm də komandanlıq və idarəetmə üzrə taktiki qrupu özündə birləşdirən Avstraliya kontingentinin komandiri Metyu Deveson vurğulayıb ki, manevrlər zamanı Avstraliya, ABŞ və Britaniya hərbçiləri inteqrasiya bacarıqlarını məşq etməyi və əsas müttəfiqlər və tərəfdaşlarla qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirməyi planlaşdırırlar.

O qeyd edib ki, təlimlər zamanı həm quru, həm də okean üzərində geniş spektrli hədəflərə zərbələr endirməklə uzaq məsafəli uçuşlar həyata keçiriləcək.

"Bu, üç ölkənin Hərbi Hava Qüvvələrinə məxsus çox sayda təyyarənin eyni vaxtda havada olduğu genişmiqyaslı əməliyyatlar olacaq. Beləliklə, biz öz qoşunlarımızın və tərəfdaşlarımızın həm indi, həm də gələcəkdə əlaqəli fəaliyyətə hazır olmasını təmin edəcəyik", - deyə Deveson bildirib.

"Red Flag Nellis" və "Bamboo Eagle" təlimləri ABŞ Hərbi Hava Qüvvələri və müttəfiqlərinin yüksək texnologiyalı münaqişələrə hazırlığına yönəlmiş ən böyük manevrlərdir.

Xəbər lenti