IMG-LOGO

Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb

02 Feb 2026 04:14 4 baxış
IMG

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri və Avropa Komissiyasının keçmiş ticarət komissarı Piter Mandelson məşhur amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbindən hakim Leyboristlər Partiyasının sıralarından ayrılıb.

"Report" bu barədə "Sky News" telekanalına istinadən xəbər verir.

"Leyboristlər Partiyasına yeni narahatlıqlar yaratmaq istəmirəm və buna görə də onun sıralarından çıxıram", - deyə media Britaniya parlamentinin Lordlar Palatasının 72 yaşlı üzvünün partiyanın baş katibi Holli Ridliyə ünvanladığı məktubdan sitat gətirib.

ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Epşteyn işi üzrə bütün sənədlərin dərc edildiyini açıqlamışdı. Britaniya mediasının yazdığına görə, həmin sənədlərdən birində Mandelsonun maliyyəçidən guya 75 min dollar aldığı barədə məlumat yer alıb. Mandelson isə bəyanatında bu məbləği heç vaxt almadığını xatırlamadığını və buna dair heç bir qeydinin olmadığını vurğulayıb.

2025-ci ilin sentyabrında Epşteyn işi üzrə bəzi sənədlərin dərc olunması Mandelsonun ABŞ-dəki səfir vəzifəsindən istefasına səbəb olmuşdu. Epşteynin 50 illik yubileyi üçün hazırlanmış albomdan dərc olunan çıxarışlarda Mandelsonun məktubları və fotoları yer alıb. Həmin fotolarda səfir hamam xalatında görünür, yetkinlik yaşına çatmayanları cinsi istismara məruz qoymaqda təqsirləndirilən və sonradan intihar edən Epşteyni isə "ən yaxşı dostu" adlandırır.

Xəbər lenti