2025-ci ildə "F6" şirkətinin "Threat Intelligence" analitikləri "darknet"də və tematik "Telegram" kanallarında Rusiya təşkilatlarına məxsus məlumat bazalarının 230 yeni kütləvi sızmasını qeydə alıblar.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, ötən ildə sızan bazalarda Rusiya istifadəçilərinin məlumatlarını ehtiva edən sətirlərin ümumi sayı əvvəlki illə müqayisədə 1,5 dəfə çox olub (2024-cü ildəki 457 milyon sətirə qarşı 2025-ci ildə 767 milyon).
Mütəxəssislərə istinadən bildirilib ki, bir il əvvəl olduğu kimi, cinayətkarlar oğurlanmış məlumatların böyük hissəsini şirkətlərə və onların müştərilərinə maksimum zərər vurmaq məqsədilə kütləvi istifadə üçün ödənişsiz şəkildə yayıblar.
"Ötən il sızan sətirlərin sayına görə ən böyük həcmli bazalar "F6" mütəxəssislərinin adlarını açıqlamadığı dörd dövlət xidmətinə məxsus olub. İstifadəçi məlumatlarının təxminən 600 milyon sətri məhz onların payına düşür", - deyə nəşr qeyd edib.