IMG-LOGO

Hətta söndürüldükdə belə: Keçmiş agent kəşfiyyat orqanlarının cihazları necə dinlədiyini AÇIQLADI

01 Feb 2026 20:15 3 baxış
IMG
3 0

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti iddia edib ki, kəşfiyyat xidmətləri smartfonları, televizorları və avtomobilləri hətta sahiblərinin xəbəri olmadan belə nəzarət vasitələrinə çevirə bilərlər.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Con Kiriaku, britaniyalı sahibkar Stiven Bartlettin aparıcılığı ilə yayımlanan "The Diary of a CEO" podkastına verdiyi müsahibədə smartfonlar, ağıllı televizorlar və avtomobillərdən hətta söndürülmüş vəziyyətdə belə gizli dinləmə və nəzarət üçün istifadə edilə biləcəyini bildirib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Kiriaku bildirib ki, müasir şəxsi cihazlar şəxsi həyata ciddi təhlükə yaradır, çünki onlar sahiblərinin xəbəri olmadan kəşfiyyat xidmətləri tərəfindən ələ keçirilə bilər.

Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki və Terrorizmlə mübarizə mərkəzində əməliyyat zabiti kimi çalışmış Kiriakunun sözlərinə görə, insanların əksəriyyəti səhvən cihazlarının təhlükəsiz olduğuna inanır.

Keçmiş kəşfiyyat zabiti rəqəmsal məxfilik barədə soruşulduqda vurğulayıb: "Onlar heç də təhlükəsiz deyillər".

İzləmə yalnız ABŞ-da deyil

Kiriaku iddia edir ki, şəxsi cihazları haker hücumuna məruz qoymaq imkanı yalnız Milli Təhlükəsizlik Agentliyi, Mərkəzi Kəşfiyyat İdarəsi və ya Federal Təhqiqat Bürosu kimi Amerika kəşfiyyat agentlikləri ilə məhdudlaşmır. O, həmçinin iddia edir ki, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Rusiya, Çin, İsrail və İran da oxşar vasitələrə malikdir.

"Hər kəsin bu imkanları var, ona görə də çox, çox diqqətli olmalıyıq", - o qeyd edərək, adi vətəndaşların həm öz hökumətləri, həm də xarici kəşfiyyat orqanlarının rəqəmsal nəzarətinin hədəfinə çevrilə biləcəyini vurğulayıb.

Ağıllı televizorlar və telefonlar “böcək” kimi

Kiriakunun ən rezonans doğuran iddialarından biri istehlakçı elektronikasının necə gizli dinləmə vasitələrinə çevrilə biləcəyinə dair izahı olub. Onun sözlərinə görə, kəşfiyyat orqanları ağıllı televizorların mikrofonlarını, hətta söndürüldükdə belə, uzaqdan aktivləşdirə bilirlər.

"Televizor hələ də otaqda deyilən hər şeyi eşidib geri ötürə bilər", - keçmiş MKİ zabiti bildirib və oxşar texnologiyaların 1980-ci illərdən bəri mövcud olduğunu əlavə edib.

Onun sözlərinə görə, oxşar risklər smartfonlara da aiddir, çünki cihaz gözləmə rejimində olduqda belə, onların dinamiklərindən gizli səs monitorinqi üçün istifadə etmək olar.

“Anbar 7” və avtomobil nəzarəti

Kiriaku həmçinin 2017-ci ildə WikiLeaks tərəfindən dərc edilmiş Vault 7 (“Anbar 7) kimi tanınan məxfi MKİ sənədlərinin sızdırılmasını da xatırladıb. O, bu sənədlərin avtomobillərdəki bort kompüter sistemlərinə uzaqdan müdaxilə etmək imkanı da daxil olmaqla, hakerlik üsullarını aşkar etdiyini söyləyib.

Keçmiş kəşfiyyat zabitinin sözlərinə görə, bu cür texnologiyalardan yalnız müşahidə üçün deyil, həm də avtomobil qəzalarını səhnələşdirməklə hədəflərin fiziki olaraq aradan qaldırılması üçün istifadə etmək olar.

Con Kiriaku kimdir?

Con Kiriaku 2012-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "gücləndirilmiş dindirmə" proqramı, o cümlədən su ilə boğma metodu haqqında məxfi məlumatları sızdırmaqda ittiham edildikdən sonra məşhurlaşıb. O, bu təcrübəni ifşa etdiyinə görə həbs edilən yeganə agentlik işçisi olub.

Kiriaku həbs cəzasını çəkdiyindən bəri fəal ictimai xadimə çevrilib, kəşfiyyat orqanlarının fəaliyyətini tənqid edib və müasir rəqəmsal nəzarətin miqyası barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu nəzarət çoxdan elmi fantastika sahəsindən kənara çıxıb.

Smartfonları televizorları avtomobillər dinlənilmə xəbərdarlığı Con Kiriaku Mərkəzi Kəşfiyyat İdarəsi keçmiş zabit

Xəbər lenti