Könüllü neft hasilatı məhdudiyyətlərində iştirak edən səkkiz "OPEC+" ölkəsinin nazirləri qrupun mart ayı üçün hasilat planını müəyyən edəcəkləri ənənəvi aylıq görüşə başlayıblar.
"Report" bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata görə, ölkələr hasilatın artırılmasına fasilə vermək qərarını əvvəlki plan üzrə davam etdirməyi nəzərdə tuturlar. Beləliklə, mart ayında hasilat göstəriciləri yenidən dekabrda qüvvədə olan kvotalar səviyyəsində müəyyən ediləcək.
"Səkkizlik" nazirlərinin iclasından dərhal sonra həmsədrləri Rusiya və Səudiyyə Ərəbistanı olan "OPEC+" Monitorinq Komitəsinin görüşü başlayacaq. İştirakçılar bazardakı cari vəziyyəti müzakirə edəcək, həmçinin əvvəlki aylarda sazişin icra səviyyəsini qiymətləndirəcəklər.
Görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt iştirak edir.
2025-ci ilin noyabrında "OPEC+" ölkələrinin "səkkizlik"i mövsümi amillərlə əlaqədar olaraq 2026-cı ilin I rübündə hasilatın artırılmasını dayandırmaq barədə qərar qəbul etmişdi. Son iclasda da bu qərar təsdiqlənib. Beləliklə, Rusiyanın neft hasilatı kvotası 2025-ci ilin dekabrında, həmçinin 2026-cı ilin yanvar-mart aylarında 9,574 milyon b/s, Səudiyyə Ərəbistanının 10,103 milyon b/s, İraqın 4,273 milyon b/s, BƏƏ-nin 3,411 milyon b/s, Küveytin 2,580 milyon b/s, Qazaxıstanın 1,569 milyon b/s, Əlcəzairin 971 min b/s, Omanın isə 811 min b/s təşkil edir. Bu rəqəmlərə artıq hasilatın kompensasiyası daxil deyil.