Donald Tramp daha bir sərt açıqlamasında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həbsinə çağırış edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Truth Social sosial şəbəkəsində irəli sürülən iddialar qondarma "Rusiya işi" ilə bağlıdır.
Tramp iddia edir ki, bu yaxınlarda açıqlanmış milli kəşfiyyat sənədləri Obamanın 2016-cı il seçki kampaniyası zamanı Trampın Rusiya ilə əməkdaşlığına dair uydurma ittihamlarda şəxsi iştirakını sübut edir.
İttihamların əsas elementi ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın 2025-ci ilin yayında dərc etdiyi hesabat olub.
Təqdim olunan məlumatlara görə, Obama administrasiyası, ən azı 2016-cı ilin avqust ayından bəri, Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisindən Rusiyanın səslərin sayını manipulyasiya edə biləcəyinə dair heç bir əlamət olmadığını göstərən məlumatlara sahib olub.
Lakin hesabatda iddia edilir ki, bu məlumat nazirlik tərəfindən qəsdən gizlədilib.
Qabbard açıqlamasında əvvəlki administrasiyanı birbaşa "Amerika xalqının iradəsini boğmaqda" və seçilmiş prezident Trampa qarşı "bir il davam edən çevriliş" həyata keçirməkdə günahlandırıb.
"Bu, Barak Obama və onun yaxınları tərəfindən dövlət çevrilişi cəhdi idi. Xalqın bunun bədəlini ödəməsinin vaxtıdır: Obamanı indi həbs edin", - Tramp öz paylaşımında bildirib.
Paylaşım keçmiş prezidentin həbsini əks etdirən süni intellekt tərəfindən yaradılan video ilə müşayiət olunub.
Məsələnin kökləri 2016-cı ilə gedib çıxır. O zaman ABŞ xüsusi xidməti ilk dəfə Rusiyanı Donald Trampın namizədliyini dəstəkləmək və Hillari Klintonu nüfuzdan salmaq üçün seçki prosesinə müdaxilə etməkdə ittiham ediblər.
Xüsusi prokuror Robert Myullerin rəhbərlik etdiyi və 2019-cu ildə başa çatan sonrakı çoxillik istintaq sosial media təsir kampaniyasını təsdiqləsə də, Trampın komandası ilə Rusiya rəsmiləri arasında gizli sövdələşməyə dair dəlillər ortaya çıxara bilməyib.
Həm Trampın özü, həm də Rusiya tərəfi həmişə bu cür ittihamları qəti şəkildə rədd edib və onları siyasi motivli adlandırıb.
Donald Tramp Barak Obama