Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, bu gün anadan olmasından 142 il ötən görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Ankaranın "Cəbəci Əsri" qəbiristanlığındakı məzarı ziyarət olunub.
"Report"un Türkiyə bürosu xəbər verir ki, ziyarətdə Azərbaycan Kültür Dərnəyinin üzvləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbə və məzun gənclər, həmçinin M.Ə.Rəsulzadənin doğmaları, Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Anım mərasimində çıxış edən Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal qeyd edib ki, M.Ə.Rəsulzadə "İnsanlara hürriyyət, millətlərə istiqlal" fəlsəfi şüarı ilə özünü ümumbəşəri dəyərlərin daşıyıcısı kimi təsdiqləyib.
Dərnəyin sədr müavini Oktay Erol çıxışında qeyd edib ki, Rəsulzadə Türkiyədə mühacir həyatı yaşasa da, qəlbi hər zaman vətəni ilə döyünüb, Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparıb.
M.Ə.Rəsulzadənin Bakıda yaşamış qızı Lətifənin nəvəsi Rəna Əliyeva babasına verilən dəyər və onun xatirəsinə göstərilən sayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları da bu gün səhər saatlarında M.Ə.Rəsulzadənin məzarını ziyarət ediblər.





