Saunaya baş çəkmək qan dövranını stimullaşdırır, məsamələri açır və dərini təmizləyərək onu daha təravətli və elastik göstərə bilər. Lakin bu fayda hər zaman birmənalı deyil, çünki həddindən artıq istilik dərini quruda, qıcıqlanma yarada və ya mövcud problemləri kəskinləşdirə bilər.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Saunanın faydaları
Sauna stressi azaldır, ürək sağlamlığını yaxşılaşdırır, immuniteti gücləndirir, əzələ və oynaq ağrılarına kömək edir. Bununla yanaşı, dərinin vəziyyətinə də müəyyən müsbət təsir göstərə bilər.
Dəri üçün “detoks” effekti
Bir çox insan saunada tərləmənin dərini daha təmiz və təravətli etdiyini düşünür. Bu, dərinin yuyulmasını tam əvəz etməsə də, tər səthi çirkləri müəyyən qədər uzaqlaşdıra bilər.
Dermatoloq Marisa Qarşik bildirib ki, ümumilikdə dəri özü bədəndən toksinlərin xaric olunmasında rol oynayır.
Qan dövranı yaxşılaşır
İstilik qan damarlarını genişləndirir. Nəticədə oksigenlə zəngin qan dərinin səthinə daha yaxşı çatır və bu da dərinin daha sağlam, parlaq və canlı görünməsinə səbəb olur.
Dərinin davamlılığı artır
Sauna “istilik şoku zülalları”nın istehsalını aktivləşdirir. Bu zülallar dərinin hüceyrələrinin stress zamanı daha sakit qalmasına və günəş şüaları və ya qıcıqlanma kimi təsirlərdən sonra daha tez bərpa olunmasına kömək edir.
Stress azalır
Stress hormonu olan kortizol dərinin vəziyyətinə mənfi təsir göstərə bilər. Saunada vaxt keçirmək kortizol səviyyəsinin azalmasına yardım edir. Bildirilir ki, infraqırmızı saunalar ənənəvi saunalardan fərqli olaraq iltihabı azaltmağa və hətta kollagen istehsalını stimullaşdırmağa da təsir göstərə bilər.
Saunadan sonra dəriyə qulluq necə olmalıdır?
Mütəxəssislər saunaya girməzdən əvvəl dəridəki makiyajı və qulluq vasitələrini təmizləməyi tövsiyə edirlər. Çünki tər məsamələrin tıxanması və səpgilərin yaranması riskini artıra bilər. Buna görə saunadan sonra mümkün qədər tez duş qəbul etmək məsləhətdir.
Saunada olarkən tərin dəridə qalmasının qarşısını almaq üçün onu təmiz dəsmalla silmək lazımdır.
Qeyd edilir ki, saunada nəm dəridən buxarlanaraq quruluq yaradır. Ən ideal variant qısa müddətdə duş qəbul edib sonra losyon çəkməkdir. Əgər bu mümkün deyilsə, tər dəsmalla silinməli və ardınca nəmləndirici krem tətbiq olunmalıdır.
Məlumata görə, genişlənmiş qan damarları rozaçea zamanı qızartını daha da artıra bilər, istilik isə ekzema ilə bağlı iltihabı gücləndirə bilər.
Bundan əlavə, mütəxəssislər susuzlaşmanın qarşısını almaq üçün kifayət qədər su içməyin vacib olduğunu vurğulayırlar. Çünki susuzlaşma halsızlıq və başgicəllənməyə səbəb ola bilər.
sauna