IMG-LOGO

CENTCOM: SEPAH-ın Hörmüz boğazındakı təlimləri ticarət gəmiçiliyinə maneə olmamalıdır

31 Jan 2026 11:06 4 baxış
IMG

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında planlaşdırılan ikigünlük hərbi-dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə həyata keçirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilib.

"SEPAH-ı elan edilmiş hərbi-dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə keçirməyə çağırırıq. Hörmüz boğazı beynəlxalq dəniz keçidi və regional iqtisadi rifahı dəstəkləyən ən vacib ticarət dəhlizidir", - bəyanatda qeyd olunub.

CENTCOM komandanlığı hesab edir ki, İran hərbçilərinin qeyri-peşəkar davranışı regionda gərginliyin artmasına, sabitliyin pozulmasına və beynəlxalq ticarət gəmiçiliyinə zərər vurulmasına səbəb ola bilər.

Bəyanatda vurğulanıb ki, ABŞ-nin Yaxın Şərqdə fəaliyyət göstərən heyəti, gəmiləri və aviasiyasının təhlükəsizliyi təmin ediləcək.

Qeyd edək ki, SEPAH-ın təlimləri fevralın 1-2-də keçiriləcək.

Xəbər lenti