"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Bizim nəsil bir əsrdə 4 dəfə deportasiya görüb" adlı veriliş Qərbi azərbaycanlı Nigar Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, 1980-ci ildə Yevlaxda doğulsa da, ata babasının Dərələyəz mahalının Paşalı rayonunun Arınc kəndindən olduğunu, 1946-cı ildə oradan çox acınacaqlı, məşəqqətli şəkildə köçkün həyatı sürərək gəldiyini deyib:
"Babamın Dərələyəzdən çıxmasının səbəbi erməni həkim tərəfindən həyat yoldaşının öldürülməsi olub. Bundan sonra babam üç övladı ilə Yevlaxa köç edib. Biz bir əsrdə dörd dəfə deportasiya həyatı görmüşük. Babamın erməni qonşuları hələ o zaman deyirmişlər ki, burada sizə həyat olmayacaq, bir gün sizi qıracaqlar. Bu, əhalinin oradan çıxması və kəndlərin boşaldılması üçün düşmənin məkrli siyasəti idi".
Onun sözlərinə görə, atası evdə həmişə böyük sevgi ilə "İravanda xan qalmadı" mahnısını oxuyub:
"Atam bizə görmədiyimiz yurdu həmişə sevdirib. Arınc azərbaycanlıların yaşadığı kənd olub və toponim etibarilə qədim türk mənşəlidir. İncə qədim türk tayfasına mənsub olan ərlər yeridir. Atam, əmim həmişə Herher çayından, axund Həsənin bağından danışırdılar. Dədəmi 7 yaşına qədər görmüşəm. O, həmişə böyük nəvələrini başına yığıb füsinkar təbiətli Arıncı, İrəvanı təsvir edib. Biz bu gün də o kəndi və bütün adət-ənənələrini yaşadırıq".
Verilişin tam versiyasını linkdən izləyə bilərsiniz:
Qərbi Azərbaycan Xronikası: Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur
