IMG-LOGO

BMT-Habitat rəsmisi: Azərbaycanda keçiriləcək WUF13 region üçün əhəmiyyətli ekoloji təsirlər yaradacaq

30 Jan 2026 23:35 3 baxış
IMG

WUF13 Azərbaycanın ev sahibliyi ilə Mərkəzi Asiya və Cənubi Qafqazda ilk WUF tədbiri olacaq və bu, region üçün əhəmiyyətli sosial-iqtisadi və ekoloji təsirlər yaradacaq.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı yüksək səviyyəli diplomatik brifinqdə iştirak edən BMT-Habitatın Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru deyib.

BMT-Habitat rəsmisi bildirib ki, forumun proqramı Azərbaycan ilə birgə hazırlanır və tədbir həm praktiki, həm də yerli səviyyədə icra edilə biləcək həllər üzərində qurulacaq. O əlavə edib ki, proqram müxtəlif maraqlı tərəflərin, o cümlədən əlilliyi olan şəxslərin və yerli ictimai qrupların iştirakı üçün əlçatan olacaq:

"Biz forumun məzmununu müxtəlif tərəfdaşlarla, milli hökumətlərdən tutmuş, şəhərlərə, bizneslərə, fondlara və vətəndaş cəmiyyətinə qədər birlikdə hazırlayırıq və forumun ev sahibi olan Azərbaycan Respublikası ilə fəal işləyirik. Çünki şəhərlər yerli səviyyədə, qəsəbə səviyyəsində praktik, həyata keçirilə bilən həllər üzərində qurulur. Proqramın maraqlı tərəflər üçün - istər əlilliyi olan şəxslər, istərsə də yerli ictimai qruplar - əlçatan olmasını təmin etmək də vacibdir. Azərbaycan ilə işimiz forumda dinamik proqram yaratmaq haqqındadır ki, bu, yalnız tədbir üçün deyil, həm də forumdan sonra qlobal mənzil böhranı üzrə həyata keçiriləcək tədbirlərə hazırlıq olsun".

E. Yemeru vurğulayıb ki, forumda həm Yeni Şəhər Gündəliyinin orta müddətli icmalı, həm də Dayanıqlı İnkişaf Məqsədinin (SDG 11) qlobal icmalı çərçivəsində qlobal şəhər siyasəti qiymətləndiriləcək və müxtəlif aktorların baxış bucağından mövzular müzakirə ediləcək:

"2026 - WUF13 ili "Qlobal Şəhər Gündəmi" üçün çox strateji bir anda baş verir, çünki yalnız "Yeni Şəhər Gündəmi"nin orta müddətli icmalı yoxdur, həm də Dayanıqlı İnkişaf Məqsədi 11-in qlobal icmalı var. Bu, 2030-cu ilin sonuna qədər sonuncu icmal ola bilər. SDG hədəflərinin 65%-ə qədəri yerli səviyyədə və ya yerli qurumlar vasitəsilə həyata keçirilməlidir. Dünyadakı bir çox şəhərlər iqlim risklərinə yüksək dərəcədə məruz qalır, eyni zamanda qlobal istixana qazı emissiyalarının üçdə ikisini yaradırlar. Həmçinin geopolitik baxımdan böyük parçalanma dövründəyik və bilirik ki, şəhərlərin rolu çox vacibdir, çünki onlar regionda dünyanın ümumi daxili məhsulunun 80 %-inə töhfə verirlər".

O qeyd edib ki, WUF13 Azərbaycanın ev sahibliyi ilə regionda ilk WUF tədbiri olacaq:

"Həqiqətən, WUF13 Azərbaycanın ev sahibliyi ilə Mərkəzi Asiya və Cənubi Qafqazda ilk WUF tədbiri olacaq və bu, region üçün əhəmiyyətli sosial-iqtisadi və ekoloji təsirlər yaradacaq".

O, Azərbaycanda WUF14-ə kimin ev sahibliyi edəcəyinin də məlum olacağını deyib.

Xəbər lenti