Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələrdən logistika hədəflərinə hücumlara yönəlib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
O qeyd edib ki, gün ərzində Rusiya Ukraynanını enerji infrastrukturuna, demək olar ki, heç zərbə endirməyib.
"Cümə gecəsindən bəri, demək olar ki, heç bir vilayətlərimizdə enerji obyektlərinə zərbələr endirilməyib. Yalnız Donetsk vilayəti istisnadır ki, orada qaz infrastrukturuna aviasiya bombaları ilə bir zərbə endirilib", - Zelenski deyib.
Lakin logistikaya zərbələr endirilib, xüsusilə də "Ukrzaliznitsi"nin vaqon-elektrik stansiyası vurulub. Həmçinin Zelenski bildirib ki, gün ərzində dronlar və aviabombalarla hücumlar davam edib.
"ABŞ tərəfi bir həftə ərzində enerji infrastrukturuna zərbə endirməkdən çəkinmək barədə danışırdı və bu gecədən başlayıb. Ukrayna qarşılıqlı olaraq zərbə endirməkdən çəkinməyə hazırdır və bu gün biz Rusiya energetika obyektlərinə zərbələr endirməmişik", - o əlavə edib.
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən fevralın 1-nə qədər Kiyevə danışıqların aparılması üçün əlverişli şərait yaratmaq məqsədi ilə zərbə endirməkdən çəkinməyi xahiş edib.
Lakin Peskov Moskvanın Trampın təklifinə nə cavab verdiyini deməyib. "Artıq deyilənlərə əlavə edəcəyim bir şey yoxdur", - deyə o yekunlaşdırıb.