ABŞ rəsmiləri ilə görüş hələlik İranın gündəliyində yoxdur.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla İstanbulda keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran hər zaman müzakirələrə hazırdır, lakin hələ ki ABŞ-dən olan hansısa nümayəndə ilə görüş nəzərdə tutulmayıb:
"İran müzakirələrə də, müharibəyə də hazırdır. Hətta müharibəyə daha yaxşı hazırlıqlıdır. Lakin biz hadisələrin gedişatını müharibəyə tərəf aparmağın tərəfdarı deyilik".
Nazir danışıqlar üçün ilkin şərtlərin olub-olmaması ilə bağlı suala münasibət bildirərkən qeyd edib ki, müzakirə və diktə etmək fərqli anlayışlardır:
"Müzakirə nəticələri danışıqlar masasında bəlli olur. Əgər bir tərəf əvvəlcədən tələblərini qoyursa, bunun adı müzakirə deyil. İran belə bir müzakirə masasına oturmayacaq".