IMG-LOGO

Türkiyəli general: Türk dünyasında təhlükəsizliyin təmini hərbi əməkdaşlıqla mümkündür

30 Jan 2026 13:30 3 baxış
IMG

Türk dünyasında təhlükəsizliyin təmin olunması hərbi əməkdaşlıq və birgə təlimlərlə mümkündür.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Geosiyasi Proqnozlaşdırma İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor Güray Alpar deyib.

O, yanvarın əvvəlində Prezident İlham Əliyevin yerli mediyaya müsahibəsində və keçən ilin oktyabrında Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısında quruma üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi və hərbi əməkdaşlığın qurulması ilə bağlı təklifinin Türkiyədə hələ də aktual mövzular sırasında olduğunu vurğulayıb:

"Azərbaycan liderinin bu təklifinin reallaşması türkdilli dövlətlər arasında birbaşa ortaq müdafiə arxitekturasının yaradılması deməkdir. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında uğurlu əməkdaşlıq modeli əsasında bütün türk dövlətlərini əhatə edən və regional sabitliyin təmin edilməsinə yönəlmiş işbirliyi modelinin qurulması olduqca məntiqlidir. İlkin mərhələdə İlham Əliyevin də dediyi kimi, Azərbaycanda təlim və böhran idarəetmə mərkəzinin yaradılması daha məqsədəuyğun ola bilər. Bu, türk dövlətlərinin mədəni və iqtisadi məqsədlərə daha təhlükəsiz şəkildə nail olmaların geniş imkan yaradar".

G.Alparın fikrincə, türk ölkələrinin hərbi əməkdaşlığı təhlükəsizlik böhranlarına cavab verə biləcək ortaq sistemin yaradılmasını şərtləndirir:

"Belə bir modellə hərbi sistemlərdən birlikdə və standartlaşdırılmış şəkildə istifadə etmək, böhran dövründə isə birgə müdafiə sistemi yanaşması ilə risklərə çevik reaksiya vermək, bununla da sabitliyi təmin etmək mümkündür. Aydındır ki, bu təklif heç bir ölkəyə qarşı yönəlməyib və türk dövlətlərinin hər hansı ölkəni hədəf alan birgə hərbi qüvvə yaratmaq məqsədi daşımır. Bu, regionda sabitliyə müsbət təsir göstərən və digər ölkələrə nümunəyə çevrilən müdafiə sistemi kimi formalaşacaq".

Xəbər lenti