İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfəri çərçivəsində ABŞ-ın bəyanatları fonunda regiondakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə o, İranın "SNN TV" kanalına açıqlama verib.
"Hazırda regional problemlər ciddidir və əhəmiyyətli çağırışlar mövcuddur. Birləşmiş Ştatlar və digər ölkələr tərəfindən qarşıya qoyulan məqsədlər bizdən daha sıx məsləhətləşmələr, regional problemlərin təhlili, mövqelərin koordinasiyası və bu məsələlərin həlli yolları barədə fikir mübadiləsi tələb edir", - deyə o bildirib.
Bununla yanaşı, Əraqçi bu səfərin Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfərinə cavab olaraq çoxdan planlaşdırıldığını söyləyib.
O qeyd edib ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi də planlaşdırılır.
"İran və Türkiyə iki böyük qonşu kimi siyasi, iqtisadi, sosial və mədəni sahələrdə çox sıx əlaqələr saxlayır və həmişə sıx məsləhətləşmələr aparıblar", - deyə o vurğulayıb.
Qeyd edilir ki, İranın xarici işlər naziri türk həmkarı Fidanla, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır.
Xatırladaq ki, bu günlərdə ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina etdiyi təqdirdə yeni hücumla hədələyib.