Ermənistan və Avropa İttifaqı (Aİ) ölkədəki Aİ müşahidə missiyasının gələcəyini müzakirə etməlidirlər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı bildirib.
XİN rəhbərinin fikrincə, Aİ missiyası regionda sabitliyə töhfə verib.
"İndi bizim (Ermənistan və Azərbaycan - red.) sülhümüz var və bu missiyanın regionun inkişafına necə töhfə verə biləcəyi barədə düşünmək lazımdır", - o deyib.
Qeyd edək ki, daha əvvəl müşahidə missiyasının rəhbəri Markus Ritter bildirmişdi ki, missiya Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra ehtiyac olmadığı üçün sərhəd zonasındakı fəaliyyətini dayandıracaq.
Xatırladaq ki, müşahidə missiyası öz fəaliyyətinə 2023-cü il fevralın 20-də başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistanda müşahidə missiyasının mandatını iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzadıb.