Sülh Şurasının Qəzza zolağı üzrə ali nümayəndəsi Nikolay Mladenov (Bolqarıstan) 26 yanvarda İsrailə səfər etməyi, ölkə rəhbərliyi ilə Fələstin anklavı ilə Misir arasındakı sərhəddə yerləşən "Rəfah" nəzarət-buraxılış məntəqəsinin açılması barədə danışıqlar aparmağı planlaşdırır.
"Report"un xəbərinə görə, bu barədə "Axios"un müxbiri Barak Ravid Amerika mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, nəzarət-buraxılış məntəqəsinin açılması ilə bağlı qərar yaxın günlərdə verilə bilər. N.Mladenov həmçinin Qəzzada vəziyyətin nizamlanması planının həyata keçirilməsi ilə bağlı bir sıra digər məsələləri də müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, 7 oktyabr 2023-cü il hücumlarından sonra, Qəzzada hərbi əməliyyatlar başlamazdan əvvəl "Rəfah" nəzarət-buraxılış məntəqəsi anklavda İsrail Ordusu tərəfindən birbaşa nəzarət olunmayan yeganə keçid məntəqəsi idi. Hərbi əməliyyatlar başladıqdan bəri təhlükəsizlik səbəbləri ilə onun fəaliyyəti dəfələrlə dayandırılıb, baxmayaraq ki, "Rəfah" nəzarət-buraxılış məntəqəsi anklav sakinlərinə humanitar yardımın çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.