NATO Azərbaycanla siyasi dialoqu və praktiki əməkdaşlığı genişləndirməyə, NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Proqramının (ITPP) tamamlanması da daxil olmaqla təhlükəsizlik və müdafiə sahəsində islahatların dəstəklənməsini davam etdirməyə hazır olduğunu ifadə edib.
"Report" NATO-ya istinadən xəbər verir ki, bunu Alyansın Baş katibinin müavini Radmila Şekerinska bəyan edib.
O vurğulayıb ki, ITPP çoxillik əməkdaşlıq formatıdır və Azərbaycanın minatəmizləmə, təhlükəsizliyin təmin edilməsi, müdafiə təhsilinin təkmilləşdirilməsi, informasiya təhdidlərinə qarşı mübarizə və kibermüdafiənin inkişafı da daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüslərinə çıxışını təmin edir.
R.Şekerinska Azərbaycanın NATO ilə siyasi dialoq və qarşılıqlı fayda təmin edən sahələrdə, o cümlədən hərbi əməliyyat uyğunluğu və müdafiə təhsili sahələrində otuz ildən artıq praktiki əməkdaşlıqla təsdiqlənmiş uzunmüddətli tərəfdaşlığını alqışlayıb.
Eyni zamanda, görüş zamanı R.Şekerinska Azərbaycanın Avropanın, o cümlədən Ukraynanın enerji müstəqilliyinə töhfəsini yüksək qiymətləndirib və qaz ixracının bir sıra NATO müttəfiqlərinin enerji müstəqilliyini gücləndirdiyini vurğulayıb.
Xatırladaq ki, 21-22 yanvar tarixlərində Radmila Şekerinska Azərbaycana səfər edib, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlər keçirib.