IMG-LOGO

CESI Transxəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlayıb

23 Jan 2026 11:35 2 baxış
IMG

İtaliyanın CESI şirkəti Transxəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına başlayıb.

"Report" xəbər verir ki, bunu "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ötən ay CESI "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi tərəfdaş seçilib, 2026-cı ilin yanvarında isə şirkətin mütəxəssisləri işə başlayıblar.

T.Əliyev qeyd edib ki, TİƏ Mərkəzi Asiya ölkələrindən Avropaya "yaşıl enerji"nin nəqli üzrə texniki, ekoloji və maliyyə əsaslandırmasını, həmçinin layihənin həyata keçirilməsi üçün lazımi resursların qiymətləndirilməsini əhatə edir.

Bundan başqa, qarşıya qoyulan vəzifələrə Xəzər dənizinin günəş enerjisi potensialından və külək enerjisi resurslarından istifadə də daxil olmaqla, 2040-cı ilə qədər Özbəkistan, Qazaxıstan və Azərbaycanın bərpa olunan enerji mənbələrinin ixracı üzrə baş planın və strategiyanın hazırlanması daxildir. Eyni zamanda, şəbəkə infrastrukturundakı fərqlər və mümkün ekoloji təsirlər nəzərə alınmaqla milli enerji sistemlərinin inteqrasiyasının texniki əsaslandırmasının hazırlanması planlaşdırılıb.

Baş direktor vurğulayıb ki, "yaşıl enerji"nin ötürülməsi üçün optimal marşrutların seçilməsinə və onların maliyyə səmərəliliyinin qiymətləndirilməsinə, eləcə də Avropa bazarında potensial istehlakçıların, transsərhəd ticarət qaydalarının və qüvvədə olan qanunvericiliyin təhlilinə də xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaratdığı Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər ki, bu da Mərkəzi Asiyanın böyük regionlarının iki dəniz vasitəsilə Avropa ilə birləşdirilməsini təmin edəcək.

2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəlib. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.

Xəbər lenti