"Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətlər" adlı kitabın təqdimatı olub.
"Report" xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Lalə Xəlilzadənin müəllifi olduğu kitabda Yaxın Şərqdə erməni icmasının ən geniş yayıldığı beş ölkə - Livan, Fələstin, Suriya, Misir və İordaniya üzrə erməni diasporunun tarixi konteksti, əsas siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri və imkanları təhlil edilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan Ermənistanla sülhə nail olmağa çalışır:
"Sülh prosesində Ermənistanda keçiriləcək seçkilər, referendum, sərhədlərin delimitasiyası hazırda aktualdır. Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı olanlar var. Erməni diasporunun bu ölkənin daxili işlərinə təsiri çoxdur. Bu seçkilər vacibdir, həm də Ermənistan üçün həlledicidir".
BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib ki, erməni diasporu üçüncü tərəflər üçün faydalı olub:
"Erməni diasporunun ən çox güc qazandığı" soyuq müharibə" dövründə ABŞ, Sovet İttifaqı ilə əlaqələrini genişləndiriblər. Bu da region siyasətində onlara şərait yaradıb. Üçüncü qüvvələr çəkilən zaman isə onlar digər ölkələrlə baş-başa qalıblar".
Onun fikrincə, erməni diasporu Azərbaycan-Ermənistan normallaşmasına qarşı çıxır, çünki onlar və üçüncü tərəfin imkanları aradan qalxır.
Kitabın müəllifi L. Xəlilzadə qeyd edib ki, araşdırmada ərəb, türk, ingilis, rus, erməni, alman və fransız dillərindəki mənbələrdən də istifadə olunub:
"Kitabda, həmçinin, son dövrlərdə Yaxın Şərqdə baş verən proseslər, onların erməni icmasına təsirləri də araşdırılıb".
Qeyd edək ki, kitabda müasir siyasi və sosial istiqamətdə perspektivləri və çağırışları araşdırılıb. Eyni zamanda, Yaxın Şərqdə fəaliyyət göstərən tanınmış erməni mənşəli ictimai və siyasi xadimlərin qısa bioqrafiyaları hazırlanıb, onların sosial və mədəni həyatda oynadıqları rol təhlil edilib.
Araşdırmanın mühüm istiqamətlərindən biri də erməni diasporunun media fəaliyyətləri olub. Belə ki, adıçəkilən ölkələrdə yaşayan erməni icmasının nümayəndələrinin nəşr etdikləri kitablar, jurnal və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma "erməni soyqırımı" ilə bağlı yaydıqları məlumatlar təhlil edilib.









