Hazırda Azərbaycanda təxminən 15 milyard kubmetr təbii qaz istifadə olunur və bunun təqribən üçdə biri elektrik enerjisinin istehsalına sərf edilir.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Azərbaycan "təmiz enerji" sahəsində bir sıra addımlar atmalıdır: "Burada əsas məsələ, sözsüz ki, texnologiya və texnologiyanın qiyməti ilə əlaqədardır. Birincisi, bəzi sahələrdə ümumiyyətlə uyğun texnologiya hələ mövcud deyil və biz buna eksogen amil kimi baxmalıyıq. Biz texnologiya yaradan ölkələrin sırasında deyilik və bunu qəbul etmək lazımdır. Bu da ciddi problem sayılmamalıdır. Bu səbəbdən sözügedən məsələləri yalnız öz daxili imkanlarımızla, hətta bu gün bəhs etdiyimiz iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində də qısa müddətdə tam həll etmək çətin olacaq. Bu istiqamətdə uzunmüddətli strateji məqsədlər müəyyən edilməlidir".
Nazir müavini vurğulayıb ki, "təmiz enerji" ilə bağlı ilə məsələ maliyyə resurslarına olan ehtiyacdır: "Hesab edirəm ki, bizim region və İqtisadi Əməkdaşlıq Təşkilatı bu proseslərə ciddi təkan verə bilər. Üçüncü mühüm məsələ isə hər mənada əməkdaşlıqdır. Məsələn, Azərbaycanın özünəməxsus coğrafi mövqeyi var. Okeana çıxışımız yoxdur və bu, müəyyən məhdudiyyətlər yaradır. Lakin elektrik enerjisi istehsalı sahəsində vəziyyət bir qədər fərqlidir. Hazırda Azərbaycanda təxminən 15 milyard kubmetr qaz istifadə olunur və bunun təxminən üçdə biri elektrik enerjisinin istehsalına sərf edilir.
Yəni biz təqribən 5 milyard kubmetr qazı sırf elektrik enerjisinin istehsalına yönəldirik ki, bu da bəzi Avropa ölkələrinin illik ümumi qaz istehlakından daha çoxdur. Elektrik enerjisi sahəsində "yaşıllaşma" o qədər də çətin deyil, çünki texnologiyalar mövcuddur. Lakin əsas problem enerji saxlanma sistemləridir. Bu sistemlər çox bahalıdır və batareyalar olmadan tam şəkildə günəş və külək enerjisinə keçid mümkün deyil. Digər alternativ isə qonşu ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir. Məsələn, Avropa İttifaqında bu model artıq tətbiq olunur və bu da yaşıl enerjiyə keçidi xeyli asanlaşdırır".