Avropa İttifaqının Qrenlandiya ilə bağlı strategiyası öz bəhrəsini verib, blok hazırda bir gün əvvəlkindən açıq şəkildə daha yaxşı vəziyyətdədir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu cümə günü gecə yarısı Avropa İttifaqı (Aİ) liderlərinin fövqəladə sammitinin yekunlarına dair mətbuat konfransında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bəyan edib.
Lyayenin sözlərinə görə, Qrenlandiya və Danimarka ilə birmənalı həmrəylik nümayiş etdirilib, tariflərin tətbiqi ilə hədələnən altı üzv dövlətə möhkəm dəstək göstərilib və ABŞ ilə müxtəlif səviyyələrdə əməkdaşlıq həyata keçirilib.
"Biz qətiyyətlə hərəkət etdik, lakin eskalasiyaya yol vermədik", - o bildirib.
Arktika təhlükəsizliyi barədə danışarkən fon der Lyayen etiraf edib ki, Aİ Arktikaya kifayət qədər investisiya qoymayıb. Ona görə də indi bunun üçün ən uyğun vaxtdır.
"Keçən il biz əlavə investisiyalara səbəb olacaq təmiz enerji, ən vacib xammal və rəqəmsal rabitə sahələrində sazişlər imzaladıq. Hazırda Aİ-nin Qrenlandiya ilə münasibətlərini gücləndirmək üzərində işləyirik, komissiya yaxın vaxtlarda əhəmiyyətli investisiya paketi təqdim edəcək", – deyə o vurğulayıb.
Fon der Lyayen həmçinin həftənin əvvəlindən bəri dəfələrlə səsləndirdiyi ABŞ və digər tərəfdaşlarla Arktikanın təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlarını bir daha təkrarlayıb.