Ukraynada 22 yanvar tarixi 2022-ci ilin noyabrında baş vermiş elektrik enerjisinin ötürülməsində baş vermiş genişmiqyaslı kəsintilərdən ("blackout") sonra enerji sistemi üçün ən ağır gün olub.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal öz "Telegram" kanalında yazıb.
"Daimi hücumların yaratdığı amillər – generasiya avadanlıqlarının zədələnməsi, paylayıcı şəbəkələrin və transformatorların dağıdılması, bütün enerji sisteminə davamlı hücumlar vəziyyəti son dərəcə ağırlaşdırıb. Energetiklər məcburən fövqəladə elektrik kəsintilərinin tətbiqinə davam edəcəklər", – deyə o izah edib.
Nazirin sözlərinə görə, ən çətin vəziyyət Kiyev şəhərində, həmçinin Kiyev və Dnepropetrovsk vilayətlərindədir.
"Başa düşürük ki, insanlara son dərəcə çətindir, daimi terror hücumlarından yorğunluq və stres hiss olunur. Lakin təmirçilərə qarşı fiziki aqressiya halları yolverilməzdir: bu insanlar soyuqda, gecə-gündüz, imkanlarının son həddində çalışırlar. Onlar əsl qəhrəmandırlar. İşıq və istiliyi mümkün qədər tez bərpa etmək üçün əllərindən gələni edirlər", - Şmıqal əhaliyə müraciət edərək deyib.
Xatırladaq ki, Ukraynada genişmiqyaslı "blackout" 23 noyabr 2022-ci ildə baş vermişdi. O zaman bütün atom elektrik stansiyaları, həmçinin ölkənin əksər istilik və su elektrik stansiyaları müvəqqəti olaraq işini dayandırmışdı. Mütəxəssislər enerji sisteminin fəaliyyətini ertəsi gün səhər bərpa edə bilmişdilər.
Hazırda Ukraynanın energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunur. Bütün regionlarda hər gün saatlarla elektrik kəsintiləri baş verir. Yüklənmə zamanı fövqəladə kəsintilər tətbiq olunur və onların müddəti məhdudlaşdırılmır.