IMG-LOGO

BMT Qəzza üzrə Sülh Şurasını yüksək qiymətləndirib

22 Jan 2026 22:03 4 baxış
IMG

BMT ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə Sülh Şurasını yüksək qiymətləndirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu prosesdə ABŞ hakimiyyət orqanları ilə sıx və səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

"BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin tam icrasını təmin etmək üçün əlindən gələni etməyə sadiqdir. Sözügedən qətnamə Qəzza üzrə Sülh Şurasının yaradılmasını alqışlayır və Donald Trampın təqdim etdiyi plan çərçivəsində humanitar yardımın çatdırılmasına BMT-nin rəhbərliyini nəzərdə tutur. Mövcud imkanlar daxilində Qəzzaya əhəmiyyətli həcmdə humanitar yardım göndərilib və atəşkəsdən sonra bu fəaliyyət daha da genişlənib", - Düjarrik qeyd edib.

Sözçü həmçinin vurğulayıb ki, Qəzza ilə bağlı beynəlxalq səylərin gücləndirilməsi prioritet olaraq qalır:

"BMT universal üzvlüyə malik yeganə beynəlxalq təşkilatdır və bu status ona münaqişələrin həllində və humanitar proseslərin koordinasiyasında mühüm rol oynamağa imkan verir".

Xəbər lenti