IMG-LOGO

"Blue Origin"in kosmik gəmisi turistlərlə suborbital uçuş həyata keçirib

22 Jan 2026 22:54 3 baxış
IMG

Amerikanın çox istifadəli "New Shepard" gəmisi altı turistdən ibarət kommersiya ekipajı ilə suborbital uçuş həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə istehsalçı şirkət olan "Blue Origin" bildirib.

"New Shepard"ın buraxılışı Texasın qərbində Van-Horn şəhərinin yaxınlığında yerləşən "Corn Ranch" start meydançasından Amerika vaxtı ilə saat 11:27-də (Bakı vaxtı ilə 20:27-də) baş tutub.

Uçuş 10-11 dəqiqə davam edib.

"NS-38" ekipajının tərkibinə sahibkar Tim Dreksler, mama-ginekoloq Linda Edvards, beynəlxalq daşınmaz əmlak developeri və investoru Alen Fernandes, sahibkar, texnoloq və səyahətçi Alberto Qutyerres, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki, keçmiş "F-15" qırıcı təyyarə pilotu və istehsal şirkətinin qurucusu Cim Hendren, həmçinin "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmilərinin buraxılış direktoru Laura Staylz daxil olub.

Komersiya turistik uçuşları üçün yaradılmış çox istifadəli "New Shepard" raketi 18 metrlik birpilləli daşıyıcıdan və altı nəfərlik eniş kapsulundan ibarətdir. O, fövqəladə xilasetmə sistemi və paraşütlərlə təchiz olunub.

Kosmik turistlər üçün "New Shepard" ilə uçuşun dəyəri 500 min dollar qiymətləndirilir.

2021-ci ildən bəri "New Shepard" proqramı çərçivəsində 16 uğurlu suborbital missiya həyata keçirilib, Yer atmosferi ilə kosmosun sərhədində 92 turist olub (onlardan 6 nəfər iki dəfə).

Xəbər lenti