IMG-LOGO

Azərbaycanda əmək sahəsi üzrə 22 milli standart layihəsi təsdiqlənib

21 Jan 2026 10:43 2 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) cari il üzrə fəaliyyət planına uyğun olaraq hazırladığı 22 milli standart layihəsinin təsdiq edilməsi barədə konsensus əsasında qərar qəbul edilib.

"Report" AZSTAND-a istinadən xəbər verir ki, bu barədə Texniki Komitənin 2025-ci ilin yekunlarına dair iclasında bildirilib.

İclasda AZSTAND-la yanaşı, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və "Azərsun Holdinq" MMC-nin nümayəndələri iştirak ediblər.

Görüş zamanı yeni standart layihələri, "2026–2028-ci illər üzrə milli standartlaşdırma proqramı", həmçinin əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş dövlət standartlarının iş yerlərində tətbiqi, Texniki Komitənin digər fəaliyyət istiqamətləri və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, üzvlərin təklifləri dinlənilib.

Xəbər lenti