IMG-LOGO

SOCAR "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini ADNOC ilə müzakirə edib

20 Jan 2026 17:26 4 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində ADNOC şirkətinin "upstream" üzrə baş icraçı direktoru Musabbeh Al Kaabi ilə keçirdiyimiz görüş zamanı enerji sektorunda strateji əməkdaşlığın inkişaf etdirilməsinə diqqət yetirdik, mövcud əməliyyatları və "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini nəzərdən keçirdik, eləcə də Strateji Əməkdaşlıq Sazişi çərçivəsində əldə olunan irəliləyişi qiymətləndirdik", - o qeyd edib.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə ADNOC ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalmanın nəticələrinə görə, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Xəbər lenti