Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.
Jurnalist ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlət və hökumət başçılarına göndərilən dəvətin fotosunu yayımlayıb.
Sülh Şurasına qoşulmaq təklifi ilə müraciətlər müxtəlif ölkələrin liderlərinə göndərilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və digərləri sözügedən dəvəti alıblar.
Sülh Şurası – ABŞ-nin rəhbərlik etdiyi hökumətlərarası təşkilatdır, onun nominal məqsədi sabitliyə töhfə vermək, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən zərər çəkən və ya münaqişə təhlükəsi altında olan ərazilərdə davamlı sülhü təmin etməkdir. Şuranın yaradılması ABŞ Prezidenti Donald Tramp tərəfindən 2025-ci ilin sentyabrında təklif edilmiş, onun təsis edildiyini isə Tramp 2026-cı il yanvarın 15-də elan etmişdi.
BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanmış və 2025-ci ilin noyabrında qəbul edilmiş 2803 saylı qətnaməsinə uyğun olaraq şura Qəzza sektorunda idarəetməyə, yenidənqurmaya və müharibədən sonrakı iqtisadi bərpaya dəstək vermək səlahiyyətinə malikdir.