Çin 2025-ci ildə Rusiya neftinin alış həcmini 7,1 % azaldıb.
"Report" xəbər verir ki, bu barədə rəqəmlər Çinin Baş Gömrük İdarəsinin məlumatlarında öz əksini tapıb.
Dərc olunmuş statistikaya əsasən, Çin hesabat dövründə Rusiya Federasiyasından 100,72 milyon ton sözügedən enerji daşıyıcısı idxal edib. Dəyər ifadəsində bu tədarüklər 49,8 milyard dollar (20,4 % azalma) həcmində qiymətləndirilir.
Eyni zamanda, hesabat dövründə Çin Səudiyyə Ərəbistanından neft tədarükünü 2,6 % artıraraq 80,75 milyon tona çatdırıb. Reytinqdə üçüncü pilləni İraq (64,62 milyon ton, 1,2 % artım) tutur, ondan sonra isə Malayziya (64,41 milyon ton) və Braziliya (47,07 milyon ton) gəlir.
Bundan əvvəl "Bloomberg" agentliyi yazmışdı ki, Çin ABŞ-nin təzyiqi səbəbindən Rusiyadan neft alışını üçdə iki nisbətində azaldıb. Qeyd olunurdu ki, sanksiya risklərinə görə həm dövlət, həm də özəl neft emalı şirkətləri Rusiya neftini daha nadir hallarda almağa başlayıblar.