ABŞ-nin Miçiqan ştatının qərbində 100-dən çox avtomobilin iştirakı ilə kütləvi yol qəzası baş verib.
"Report" bu barədə yerli KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə "I-196" magistralında, Zeland Taunşip bölgəsində qeydə alınıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb, onların sayı dəqiq deyil.
Qəzanın səbəbi güclü qar yağışından sonra yaranan sürüşmələr və yolda görünüş məsafəsinin azalması olub. Çoxsaylı toqquşmalar nəticəsində magistral tamamilə bağlanıb.
Yerli medianın yazdığına görə, aidiyyəti xidmətlər yük maşınlarını və minik avtomobillərini yoldan kənarlaşdıraraq hərəkəti bərpa etməyə çalışır.