Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın yaratdığı Sülh Şurasına qoşulmaq dəvətini qəbul etmək niyyətində deyil.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Makrona yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, tənqidçilər Trampın uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib yaratmağa çalışmasından narahatdırlar. Sülh Şurasının nizamnaməsi layihəsinə görə, ABŞ lideri həlledici məsələlərdə səlahiyyətlərə malik ilk sədr olacaq.
Məlumata görə, Fransa Prezidenti hesab edir ki, yeni şüranın nizamnaməsi Qəzza zolağına aid məsələlərdən kənara çıxır və bu, Fransanın müzakirəyə açıq olmadığını hesab etdiyi BMT-nin prinsiplərinə və institusional çərçivələrinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.
Mənbələr qeyd edib ki, Tramp cümə axşamı Davosda Sülh Şurasının nizamnaməsini və tərkibini təsdiqləmək niyyətindədir.