Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşıb.
"Report"un "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Rusiya kütləvi zərbəyə hazırlaşıb və onu endirmək üçün anı gözləyir. Xahiş edirəm, bütün hava həyəcan siqnallarına diqqət yetirin. Hər bir vilayətdə insanlara dəstək vermək və operativ reaksiya göstərmək üçün tam hazırlıq olmalıdır", – deyə o vurğulayıb.
Zelenski hələ yanvarın 16-da Rusiyanın Ukraynaya yeni kütləvi zərbələrə hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu barədə məlumatı Ukrayna kəşfiyyatı əldə edib. Yanvarın 18-də isə dövlət başçısı tərəfdaşlara müraciət edərək, Ukraynanın daha çox müdafiəyə ehtiyacı olduğunu bildirib. Əsasən bu, hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərə aiddir.