Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatında iki nəfər idman ustası, 4 nəfər idman ustalığına namizəd, digərlər isə müxtəlif idman dərəcələri normativlərini yerinə yetirib.
Bunu "Report"a açıqlamasında qurumun baş katibi Fərid Xəlilov deyib.
O, bir müddət əvvəl keçirilən ölkə birinciliyi və çempionatının yekunları ilə bağlı danışıb:
"Həqiqətən çətin sınağın öhdəsindən gəldik. Təşkilatçılıq olduqca yüksək səviyyədə idi. Bu dəfə də ilklərə imza atdıq. Artıq ikinci dəfədir keçirilən birincilik Beynəlxalq Kamandan Oxatma Federasiyasının rəsmi saytında əksini tapmışdı və Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Bundan başqa, yarışlar zamanı iki nəfər idman ustası, 4 nəfər idman ustalığına namizəd, digərləri müxtəlif idman dərəcələri normativlərini yerinə yetirdilər. Onların da qeydiyyatı uzun müddət aparılmırdı. Nəticələrə gəlincə, bizim üçün əsas yarışın yüksək səviyyədə təşkili idi. Bizi əsasən Avropa çempionatındakı nəticələr düşündürür və qitə birinciliyində uğur qazanmaq istəyirik".
Qeyd edək ki, nəticələrə əsasən böyüklərin yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medala yiyələnib. Kişilərdə isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov fəxri kürsüyə qalxıblar.