1975-ci ildə Çinin Hayçenq şəhərində baş verən güclü zəlzələdən əvvəl yüzlərlə ilan qış yuxusundan adi vaxtdan xeyli tez oyanaraq sığınacaqlarından çıxıb. Eyni zamanda, 2014-cü ildə ABŞ-də müşahidə olunan başqa bir hadisədə isə qızılqanadlı quşların tornado baş verməzdən əvvəl yüzlərlə kilometr məsafədə uçuş marşrutlarını dəyişdiyi qeyd olunur. Bu cür müşahidələr qədim dövrlərdən bəri heyvanların təbii fəlakətlərdən əvvəl qaçması barədə yayılan hekayələrlə də üst-üstə düşür.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu tip nümunələr diqqətçəkici olsa da, müasir elm hələlik heyvanların təbii fəlakətləri etibarlı şəkildə əvvəlcədən proqnozlaşdıra bilməsi ilə bağlı kifayət qədər sübuta malik deyil.
Mütəxəssislər araşdırmaların qarşısında duran əsas problemləri də sadalayırlar. Onların fikrincə, ilk növbədə heyvanların normal davranışını uzunmüddətli izləyən bazalar yoxdur ki, hansı davranışın həqiqətən “anomaliya” olduğunu dəqiq müəyyənləşdirmək mümkün olsun.
Digər tərəfdən, bu cür müşahidələr çox vaxt hadisədən sonra, yəni retrospektiv şəkildə toplanır. Bundan əlavə, insan psixologiyasına xas olan “təsdiqləmə meyli” (confirmation bias) də böyük rol oynayır: insanlar bəzən real əsas olmadan müəyyən qanunauyğunluqları görməyə meyilli olurlar.
2018-ci ildə Almaniyanın Helmholtz Geofizika Mərkəzində dərc olunan araşdırmada isə maraqlı nəticə ortaya çıxıb. Tədqiqat göstərib ki, zəlzələdən əvvəl heyvanların qəribə davranışları çox vaxt əsas güclü zəlzələ ilə deyil, ondan əvvəl baş verən zəif ilkin təkanlarla əlaqəlidir. Bu isə heyvanların gələcək fəlakəti “öncədən bilməsi”ndən daha çox, artıq başlamış dəyişikliklərə reaksiya verdiyini göstərir.
Alimlər bildirirlər ki, heyvanların həssaslığı proqnoz demək deyil. Bir çox növ ətraf mühitdəki dəyişiklikləri insanlardan daha tez hiss edə bilir. Bəzi heyvanlar ultrasəsi, maqnit sahəsindəki dəyişiklikləri və ya hava təzyiqindəki çox incə fərqləri qavraya bilir.
Bu dəyişikliklər bəzən fəlakətlərin yaxınlaşması ilə bağlı ola bilər. Lakin indiki mərhələdə bu həssaslıq təbii fəlakətləri dəqiq və praktik şəkildə əvvəlcədən xəbər vermək üçün yetərli əsas yaratmır.
Hazırda alimlər bu mövzunu araşdırmağa davam edirlər. ICARUS adlı beynəlxalq layihə çərçivəsində heyvanlara xüsusi ötürücülər yerləşdirilir və onların hərəkətləri kosmik texnologiyalar vasitəsilə izlənilir.
Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatların toplanması gələcəkdə təbii fəlakətlərin erkən xəbərdarlıq sistemlərinə daxil edilə biləcək müəyyən qanunauyğunluqların olub-olmadığını anlamağa kömək edə bilər.
ilan zəlzələ