Tailand qısa istirahət, qış tətili üçün dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Lakin ölkəyə ilk dəfə səfər edənlərin bir çoxu elə səhvlər edir ki, bu, həm büdcəyə zərbə vurur, həm də istirahətin dadını qaçırır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Asiyaya 15 ildən çox səyahət edən, son 10 ildə isə daimi olaraq xaricdə yaşayan jurnalist və səyyah Andre Nevelinq ötən il Tailanda köçərək burada məskunlaşıb. O, Business Insider bloqunda Tailanda yeni gələn turistlərin ən çox buraxdığı 5 səhvi sadalayıb.
Andrenin sözlərinə görə, turistlikdən ölkədə yaşayan rezident həyatına keçmək ona Tailandın nə qədər cəlbedici olduğunu daha dərindən anlamağa kömək edib.
Eyni zamanda o, eyni səhvlərin turistlər tərəfindən təkrar-təkrar edildiyini müşahidə etdiyini bildirib: “Yeni gələnləri asanlıqla tanımaq olur. Onlar sadəcə yeni mühitə uyğunlaşmırlar, bunu elə üsullarla edirlər ki, daha baha başa gəlir, lazımsız stress yaradır və daha az autentik təcrübəyə səbəb olur”.
Tailandda turistlərin ən çox etdiyi 5 səhv 1. Böyük qrup turlarını bron etməkJurnalistin sözlərinə görə, böyük qrup turlarında təşkilatçılar çox vaxt “effektivlik” naminə rahatlığı və fərdiliyi qurban verirlər. Andre deyir ki, onun Taylanddakı ən gözəl günləri çox sadə keçib, uzunquyruq qayıq (long-tail boat), gizli yerləri bilən kapitan, Bluetooth kolonka və marketdən alınmış bir neçə butulka içki. Bu şəkildə o, boş çimərlikləri öz tempində kəşf edib.
O vurğulayır ki, bu gün hər kəs onlayn şəkildə öz səyahət planını qura bilər. Hətta son dəqiqə planlayanlar belə tətbiqlərlə rahat hərəkət edə bilər.
Grab – nəqliyyat üçün;
Agoda – otel bronu üçün;
Google Translate – ünsiyyət üçün.
2. Yüksək mövsümdə səfər etməkAndre mümkün olduqca pik dövrlərdən uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, yüksək mövsüm bəzən sakit və cazibədar yerləri “insan seli”nə çevirir.
O qeyd edir ki, yüksək mövsüm regionlara görə dəyişir.
Phuket – əsasən dekabr–aprel arası dolu olur;
Koh Samui – iyula qədər canlı qalır;
Bangkok – noyabr–fevral arası pik həddə çatır.
Bu dövrlərdə tıxaclar artır, çatdırılma vaxtları uzanır, qiymətlər kəskin bahalaşır. Andre deyir ki, Phuket və Koh Samui kimi adalarda hər şey – oteldən tutmuş kokos suyuna qədər – bəzən 5 qat baha ola bilər.
Onun fikrincə, mövsümdənkənar dövr və aşağı mövsüm isə daha sərfəlidir: daha ucuz qiymətlər, daha az izdiham və daha “real” Tayland ab-havası.
3. Yerli mətbəxdən uzaq durmaqAndre etiraf edib ki, Tailanda ilk səfərində yerli yeməklərdən qorxduğu üçün bir həftə yalnız "Burger King"də qidalanıb. Sonradan anlayıb ki, Tailand mətbəxinin əsl “sehr”i məhz küçə yeməklərindədir.
O bildirir ki, bir çox turistlər bahalı otel yeməklərinə və şişirdilmiş qərb fast-food şəbəkələrinə pul xərcləyir. Halbuki yerli yeməklər daha ucuzdur, çox vaxt daha təzədir, daha faydalıdır və ən əsası, daha dadlıdır
Jurnalist əlavə edir ki, dünyanın o biri başına gedib 20 dollara pizza yeməyin mənası yoxdur, çünki 3 dollardan da ucuz qiymətə möhtəşəm yerli yeməklər tapmaq mümkündür.
O həmçinin qalmaq məsələsinə də toxunub: izdihamlı bölgədə beynəlxalq 5 ulduzlu şəbəkədə eyvansız kiçik otaq seçməkdənsə, eyni pula daha rahat və geniş 4 ulduzlu oteldə qalmaq daha məntiqlidir.
Andre turistlərin pul nümayiş etdirməsini və “burada hər şey çox ucuzdur” deməsini də tənqid edib: “Çünki bu, hamı üçün ucuz deyil”.
4. Əyləncəni nəzarətdən çıxarmaqAndre deyir ki, Tailandın gecə həyatı turistləri cəlb edir və bir çoxu məhz buna görə ölkəyə aşiq olur. Amma “əyləncə” ilə “biabırçılıq” arasında incə bir sərhəd var.
Həddindən artıq spirtli içki, məsuliyyətsiz davranış və narkotiklərlə bağlı risklər xarici ölkədə çox tez təhlükəli vəziyyətə çevrilə bilər. O xəbərdarlıq edir:
“Əylənin, istirahət edin, amma özünüzü idarə edin”.
5. Motosiklet icarəyə götürməkAndre Tailandda motosiklet icarəsinin ən riskli seçimlərdən biri olduğunu deyir. Onun fikrincə, Tailandın yol hərəkəti ritmi yerli insanların illərlə öyrəşdiyi bir sistemdir və turist üçün bu, çox təhlükəli ola bilər.
O həmçinin motosiklet icarəsində fırıldaq hallarının geniş yayıldığını bildirir. Bir çox turist sığortasının olduğunu düşünür, amma sonradan beynəlxalq sürücülük vəsiqəsi olmadığı üçün cərimə alır.
Bundan başqa, qəzalar da ciddi problemdir. Andre deyir ki, həkim köməkçisi işləyən dostunun sözlərinə görə, turist motosiklet qəzaları onun işində “ən böyük başağrısıdır”. Çünki bir çox zərərçəkənin sığortası olmur və nəticədə böyük xəstəxana xərcləri ilə çıxılmaz vəziyyətə düşürlər. Bəzən isə bu, faciə ilə nəticələnir.
Andre sözlərini belə yekunlaşdırıb: “Motosikletlər yerli həyat üçün vacibdir. Amma siz və sərxoş dostunuz tıxac vaxtı ora-bura manevr edirsinizsə, bu yaxşı fikir deyil. Xahiş edirəm, motosiklet icarəyə götürməyin”.
turist Tayland