IMG-LOGO

ACF prezidentinin müşaviri: "Cüdo qaydalarındakı dəyişiklikləri idmançılara tez çatdırmağa çalışırıq"

19 Jan 2026 12:39 4 baxış
IMG

Azərbaycan Cüdo Federasiyası (ACF) qaydalarla bağlı dəyişiklikləri idmançılara tez çatdırmağa çalışır.

Bu barədə "Report"a ACF prezidentinin müşaviri Natiq Bağırov açıqlama verib.

O, cüduçular üçün bu istiqamətdə təşkil edilən seminarların əhəmiyyətli olduğunu söyləyib:

"Hər dəfə cüdo qaydalarında dəyişikliklər olanda bunları idmançılara tez çatdırmağa çalışırıq. Yeniyetmə, gənc və böyüklərdən ibarət yığmanın üzvləri ilə bu barədə söhbətlər aparırıq. Çünki onlar növbəti yarışlara qatılanda qaydalardan tam xəbərdar olmalıdırlar. Cüdo qaydalarında bir neçə dəyişiklik oldu. Bizim idmançılarımızın da onlara riayət etməsi vacibdir. Artıq görüş zamanı çox vaxt aparmaq mümkün olmayacaq. Hakimlər buna sərt yanaşacaqlar. Cüdoçularımız bütün qaydalara əməl etməyə çalışırlar. Amma biz də onları yoxlamalı və nəzarətda saxlamalıyıq. İdmançılarımızın yeni qaydaları bilməsi bizim üçün çox vacibdir. Çünki taktiki qələbələr də önəmlidir. İdmançının həmişə fəndlərlə qalib gəlməsi bəzən alınmır. Çətinlik çəkəndə taktiki güləşə yönlənmək vacibdir".

N.Bağırov yeniyetmə cüdoçular üçün təşkil edilmiş şahmat dərsi haqqında da fikirlərini bölüşüb və bunların idmançılara faydalı olacağını vurğulayıb:

"Şahmat çox gözəl oyundur. Şahmat oynayanda növbəti gedişləri də fikirləşməlisən. İdmançının inkişafı yeniyetmə yaşlarından başlayır. Təməli düzgün qoysaq, gələcəkdə yaxşı nəticələrə nail ola biləcəklər. Şahmat cüdoçularımıza fikirləşmək, düşünmək imkanı verir. Məncə, belə təşəbbüslər cüdoçularımıza müsbət təsir edəcək".

Xəbər lenti