2025-ci il "Alliance Logistics" üçün dayanıqlı artım və əsas beynəlxalq marşrutların möhkəmlənməsi ili oldu.
Şirkət Orta Dəhliz çərçivəsində dəmir yolu və multimodal daşımaları inkişaf etdirərək Azərbaycanın Şərq–Qərb istiqamətində strateji tranzit mövqeyini daha da gücləndirdi.
İlin yekunlarına görə, şirkətin ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti üzrə daşımalar xüsusi dinamika nümayiş etdirib, bu marşrut üzrə həcm ümumi daşımaların 30 %-ni formalaşdırıb.
Şirkətin rəhbəri Natiq Cəfərov vurğulayıb ki, "Əldə olunan nəticələr infrastruktur tərəfdaşı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Bakı Beynəlxalq Dəniz Limanı" MMC, eləcə də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə effektiv əməkdaşlıq, komandaların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub. Bu əməkdaşlıqların beynəlxalq müştərilərimizin etimadının qazanılmasında büyük payı olub. Xüsusən də, ADY-nin müasir infrastrukturu Orta Dəhliz üzrə daşımaların fasiləsizliyini təmin edərək Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirib".
Yaxın perspektivdə şirkətin əsas prioritetləri multimodal daşımaların genişləndirilməsi, tranzit vaxtının azaldılması və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin inkişafı olaraq qalır. Dövlət və özəl sektor arasında səmərəli sinerji bu məqsədlərə nail olunmasında həlledici rol oynayacaq.

