Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Avropa İttifaqı-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır.
"Report"un məlumatına görə, bu barədə Avropa Parlamentinin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber "ZDF" televiziya kanalına müsahibəsində bildirib.
"Dünən gecə verdiyimiz ilk qərar, ötən yay Avropa ilə ABŞ arasında imzalanmış müqavilənin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Tramp Amerika məhsulları üçün AB daxili bazarına rüsumsuz giriş əldə etməyəcək", - deyə Veber bildirib.
Onun sözlərinə görə, ratifikasiyanın dayandırılması Vaşinqtona ilk siqnaldır: "Tramp dünən gecə çox şey itirdi".
26 yanvarda Avropa Parlamentinin üzvlərinin 2025-ci ilin yayında Brüssel və Vaşinqton arasında əldə edilən razılaşmanın əsas məqamlarından biri olan Amerika sənaye mallarına tariflərin ləğvi ilə bağlı qurumun mövqeyinə səs verməsi planlaşdırılırdı.
Lakin, "Politico"ya görə, Trampın açıqlamalarından qəzəblənən bəzi qanunvericilər səsvermənin keçirilməsini istəmirlər və bununla da tariflərin ləğvi qərarını dondururlar.
Britaniyanın "Financial Times" (FT) qəzeti isə Avropa rəsmilərinə istinadən məlumat yayıb ki, Avropa İttifaqına üzv dövlətlər Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı 93 milyard avro məbləğində cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirirlər.