IMG-LOGO

Aİ ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb

17 Jan 2026 21:35 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) və MERCOSUR-a daxil olan Cənubi Amerika ölkələri Avropada etirazların davam etməsinə baxmayaraq, Paraqvayın Asunsion şəhərində azad ticarət sazişi imzalayıblar.

"Report"un "Euractiv"ə istinadən məlumatına görə, 25 ildən çox müzakirə olunan bu müqavilə 718 milyon əhalisi və 22,4 trilyon ABŞ dolları həcmində ÜDM-i olan azad ticarət zonasını yaradacaq.

İmzalama mərasimində Aİ tərəfindən İttifaq Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak ediblər. MERCOSUR-u isə Paraqvay Prezidenti Santyaqo Penya, Boliviya Prezidenti Rodriqo Pas, Argentina Prezidenti Xavyer Miley, Uruqvay Prezidenti Yamandu Orsi, həmçinin təşkilatın assosiasiyalı üzvü olan Panama Prezidenti Xose Raul Mulino təmsil edib.

"Biz tariflər əvəzinə ədalətli ticarəti seçirik, təcrid olunma əvəzinə məhsuldar uzunmüddətli tərəfdaşlığı seçirik və hər şeydən öncə xalqlarımız və şirkətlərimiz üçün real və hiss olunan faydalar təmin etməyə çalışırıq", – deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen imzalama mərasimində bildirib.

O, sazişin geosiyasi əhəmiyyətini vurğulayıb: "Bizim kimi iki region qlobal məsələlərdə vahid səs ilə danışanda dünya buna qulaq asır".

Qeyd edək ki, Avropanın müxtəlif ölkələrində fermerlər son həftələrdə bu sazişin bağlanmasına qarşı fəal şəkildə etiraz ediblər. Onların fikrincə, bu müqavilə istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini təhlükə altına qoyur. Bir sıra KİV-lərin məlumatına görə, çərşənbə axşamı etiraz əlaməti olaraq 5 000 fermer və 1 000 traktor Strasburqda Avropa Parlamentinin binasının qarşısına toplaşacaq.

Xəbər lenti